REGİONLAR
Dövlət Sosial Müdafiə Fondunun sədri Ağcabədidə vətəndaşları qəbul edib VİDEO
Ağcabədi, 17 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər.
AZƏRTAC xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev dekabrın 17-də Ağcabədidə bu rayonun, həmçinin Tərtər, Goranboy, Bərdə, Beyləqan və Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.
Fondun məsul əməkdaşlarının, Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Beyləqan və Laçın rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 35-dək vətəndaşın müraciətlərinə baxılıb. “Açıq qapı” şəraitində keçirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib. Vətəndaşların rahatlığı məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib. Qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb - gətirilmələri təmin olunub.
Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.
Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verilib. DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.
Qəbulda iştirak edənlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi şəkildə bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını bildirib, pensiyaçılara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.