İQTİSADİYYAT
Dövlət Statistika Komitəsi beynəlxalq uyğunluq sertifikatına layiq görülüb
Bakı, 28 aprel, Elvin Camalov, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 28-də Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclasında deyilib.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, Şuranın iclasında 3 məsələ var. Bunlara "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"lə əlaqədar milli prioritetlər üzrə müəyyən edilmiş statistik göstəricilər, "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı" layihəsinin müzakirəsi və "Dövlət Statistika Komitəsində aparılmış İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair auditin nəticələri" daxildir.
Komitə sədrinin sözlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların effektivliyinin qiymətləndirilməsi etibarlı statistikaya tələbatı daha da artırıb. Belə ki, statistika sahəsində dövlətin müəyyən etdiyi siyasətə xidmət etmək, yüksək etimadı doğrultmaq, ictimaiyyətdə və istifadəçilərdə statistikaya inamı yüksəltmək, onlarla qarşılıqlı əməkdaşlığın daha müasir formalarına nail olmaq statistika orqanları qarşısında duran ən başlıca vəzifələrdəndir.
T.Budaqov qeyd edib ki, bu baxımdan Dövlət Statistika Komitəsinin rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsindəki fəaliyyətinin ən yeni İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq standartının tələblərinə uyğunluğunun yoxlanılması mühüm əhəmiyyət daşıyır. Bununla əlaqədar sertifikatlaşdırma sahəsində dünya liderlərindən olan İsveçrənin “SGS” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi tərəfindən Dövlət Statistika Komitəsində audit həyata keçirilib.
Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə qeyd edib ki, audit yoxlaması Dövlət Statistika Komitəsi aparatının şöbələrində və keyfiyyətin idarə edilməsi sisteminin tətbiq edildiyi 13 yerli statistika orqanında həyata keçirilib. Bu orqanlara Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhər, Lənkəran, Bərdə, Ağdam, Ağstafa, Balakən, Qax, Saatlı, Samux və Zaqatala rayon statistika idarələri aiddir.
“SGS” şirkətinin Azərbaycandakı yerli nümayəndəliyinin Sertifikatlaşdırma və Akkreditasiya üzrə meneceri Nigar Mahmudova və auditoru Asif Əmirsultanov Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqi və sertifikatlaşdırma haqqında məlumat veriblər.
N.Mahmudova bildirib ki, Dövlət Statistika Komitəsində həyata keçirilən fəaliyyətlər bu sahədə qəbul edilmiş standartlara tam uyğundur və aparılmış auditin nəticələrinə görə Dövlət Statistika Komitəsi “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.
“SGS” şirkətinin Azərbaycandakı yerli nümayəndəliyinin auditoru Asif Əmirsultanov qeyd edib ki, Dövlət Statistika Komitəsində ilkin audit 2016-cı ilin noyabr ayında, yekun audit isə 2017-ci ilin mart ayında həyata keçirilib. Auditorlar qrupu tərəfindən rəsmi statistika məlumatlarının istehsalı və yayılması proseslərinin idarə edilməsi ilə əlaqədar qəbul edilən sənədlərin statistika orqanlarında tətbiqi və icrası ilə bağlı görülən işlərin İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi standartının tələblərinə uyğunluğu yoxlanılıb.
“Dövlət Statistika Komitəsi Azərbaycanda İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminin beynəlxalq uyğunluq sertifikatına layiq görülən ilk mərkəzi icra hakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da ilk statistika qurumu olaraq bu sertifikatı əldə edib”, - deyə A.Əmirsultanov vurğulayıb.
Sonra İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatları Dövlət Statistika Komitəsinin rəhbərliyinə, şəhər və rayon statistika idarələrinin rəislərinə təqdim olunub.
Statistika Şurasının iclası “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə əlaqədar milli prioritetlər üzrə müəyyən edilmiş statistik göstəricilər və “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” layihəsinin müzakirəsi ilə başa çatıb.
Müzakirə zamanı isə bildirilib ki, bu günə qədər statistikanın inkişafına dair 5 Dövlət Proqramı həyata keçirilib. Müzakirə ediləcək Dövlət Proqramında da Dövlət Statistika Komitəsinin qarşısında mühüm vəzifələr qoyulub. Qeyd edilib ki, biznes mühitinin yaxşılaşdırılması, dünya miqyasında Azərbaycanın nüfuzunun qorunub saxlanılması və artırılması, Strateji Yol Xəritələri ilə bağlı məsələlər əsas vəzifələrdəndir. “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” layihəsində Dövlət Statistika Komitəsi üçün bir neçə istiqamətlər var. Bunlara statistik göstəricilərin təkmilləşdirilməsi, yeni statistik məlumatların əldə edilməsi, statistika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, kadr potensialının gücləndirilməsi və sair istiqamətlər daxildir.