CƏMİYYƏT


Dövlət Statistika Komitəsi ilə UNICEF arasında birgə İş Planı imzalanıb

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Noyabrın 30-da Dövlət Statistika Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi ilə “2016-2017-ci illəri əhatə edən dövr üçün sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsi” ilə bağlı birgə İş Planı imzalanıb.

AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov komitənin dünyanın 30-a yaxın beynəlxalq təşkilatı, o cümlədən BMT-nin struktur bölmələri olan BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Əhali Fondu (UNFPA), UNESCO, Dünya Bankı kimi digər qurumlarla qarşılıqlı əməkdaşlıq etdiyini qeyd edib, UNICEF-in ölkəmizdə 1993-cü ildən fəaliyyətə başladığını xatırladıb.

Tahir Budaqov bildirib ki, Dövlət Statistika Komitəsi ilə UNICEF arasında statistikanın müxtəlif sahələri üzrə əlaqələr mövcuddur, komitənin nümayəndələri UNICEF-in təşkilatçılığı ilə keçirilən tədbir, seminar və konfranslarda fəal iştirak edirlər. “2016-2017-ci illəri əhatə edən dövr üçün sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsi” ilə bağlı birgə İş Planı “Azərbaycan Hökuməti ilə UNICEF arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı” çərçivəsində hazırlanıb.

Komitə sədri qeyd edib ki, Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində uğurlu layihələr icra olunur. Cari il sentyabrın 12-16-da Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin (xarici audit) ilkin mərhələsi keçirilib.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Dövlət Statistika Komitəsi əməkdaşları ilə birgə hazırlanan İş Planının əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, layihədə Davamlı İnkişaf Məqsədlərinin, BMT-Tərəfdaşlıq Çərçivəsinin və Azərbaycan 2020: Gələcəyə baxış inkişaf konsepsiyasının müvafiq göstəricilərinin daha yaxşı monitorinqi üçün cins, yaş, sosial-iqtisadi durum, əlillik və coğrafi yerləşməsinə görə bölünən həssas qrupdan olan uşaq və yeniyetmələrlə bağlı məlumatların hazırlanmasına xüsusi diqqət yetirilib.

Sonra “2016-2017-ci illəri əhatə edən dövr üçün sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsi” ilə bağlı birgə İş Planının imzalanması mərasimi keçirilib. İş Planını Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin imzalayıblar.

Bildirilib ki, İş Planının həyata keçirilməsi sağlamlıq imkanları məhdud olan uşaqlara və uşaq məhrumiyyətlərinə dair statistikanın təkmilləşdirilməsinə kömək edəcək. Əldə olunan nəticələr bu sahədə sosial siyasətin istiqamətlərini müəyyənləşdirməkdə dəstək verəcək.

Qeyd olunub ki, qlobal səviyyədə aparılan fəaliyyətlər kontekstində iş planında əks olunan göstəricilər Azərbaycan statistikasının beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində Dövlət Statistika Komitəsinin həyata keçirdiyi tədbirlərin məntiqi davamıdır.

Tədbirdə qarşılıqlı maraq doğuran suallar da cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.