İQTİSADİYYAT


Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Dövlət Statistika Komitəsi ilə UNİCEF arasında əməkdaşlığın inkişafına dair məsələlər müzakirə olunub.

Dövlət Statistika Komitəsinin (DSK) Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr sentyabrın 22-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNİCEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Edvard Karvardinlə görüşündə aparılıb.

BMT-nin Uşaq Fondunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardini salamlayan Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq ölkəmizdə həyata keçirilən layihə və proqramlardan danışıb. UNİCEF-in Azərbaycanda fəaliyyətə 1993-cü ildə başladığını xatırladan Tahir Budaqov Dövlət Statistika Komitəsinin bır sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin struktur bölmələri olan UNDP (BMT-nin İnkişaf Proqramı), UNFPA (BMT-nin Əhali Fondu), YUNESKO, Dünya Bankı kimi digər qurumlarla səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən bəhs edib. 12-16 sentyabr 2016-cı il tarixində Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin (xarici audit) ilkin mərhələsinin keçirildiyini vurğulayıb.

Qeyd olunub ki, Statistika Komitəsi ilə UNİCEF arasında statistikanın müxtəlif sahələri üzrə əlaqələr mövcuddur. Belə ki, 2015-ci ildə Dövlət Statistika Komitəsi UNİCEF-in ekspert, metodoloji və maliyyə köməkliyi ilə məhrumiyyətlər üzrə yoxsulluğa dair sorğunu müasir informasiya texnologiyalarını tətbiq etməklə həyata keçirib. Bununla yanaşı ötən il Cenevrədə təşkil olunan Vaşinqton Qrupu tərəfindən hazırlanmış sağlamlıq imkanları məhdud olan uşaqların sağlamlıq vəziyyətinin öyrənilməsi üzrə təlimdə Komitənin nümayəndəsi iştirak edib. Təlimdən sonra Bakıda Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və UNİCEF-in iştirakı ilə müzakirələr aparılıb və Əlillik Statistikası üzrə Vaşinqton Qrupu tərəfindən təqdim olunan metodologiyanın ölkəyə uyğunlaşdırılması həyata keçirilib. DSK tərəfindən nəşr olunan həyat keyfiyyətinin statistikası, əhali statistikası və sosial statistika ilə bağlı statistik məcmuələr və TransMonEE proqramı çərçivəsində UNİCEF-dən daxil olan sorğu vərəqələri tərtib edilərək mütəmadi olaraq Bakı nümayəndəliyinə göndərilir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin səmimi görüşə görə məmnunluğunu ifadə edib. Azərbaycandakı fəaliyyəti dövründə digər dövlət qurumları kimi Statistika Komitəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüşdə Azərbaycan Hökuməti və UNİCEF arasında 2016-2020-ci illər üçün Əməkdaşlıq Proqramı çərçivəsində 2016-2017-ci illər üçün Dövri İş Planında Milli Statistika Sisteminin Təkmilləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Proqram sənədinin prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.