CƏMİYYƏT
Dövlət Statistika Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilib
Bakı, 6 may, AZƏRTAC
Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Mayın 6-da Dövlət Statistika Komitəsində növbəti belə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin Dövlət Statistika Komitəsinin binasındakı büstü önünə gül dəstələri düzüblər.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov qeyd edib ki, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Artıq aforizmə çevrilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə verilmiş ən lakonik və düzgün qiyməti əks etdirir. Ümummilli Lider xalqa, vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə əvəzsiz örnək olan dahi şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. Dahi şəxsiyyət ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisidir. Müstəqilliyini yenicə əldə etmiş bir ölkədə iqtisadiyyatın yenidən qurulması, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, hüquqi və demokratik dövlət quruculuğu məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan Prezident İlham Əliyev “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyərək vədini real işlərlə bütün dünyaya göstərib. Ölkəmizin hərtərəfli inkişaf etdirilməsi, xalqımızın həyat səviyyəsinin ilbəil yaxşılaşdırılması nəticəsində dövlətimizə və xalqımıza olan maraq daha da artıb. Bu marağın artmasında Heydər Əliyev Fondunun da misilsiz xidmətləri var. Fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsilin inkişafı, mədəniyyətimizin təbliği istiqamətində reallaşdırdığı layihələrlə yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır.
Tahir Budaqov bildirib ki, Azərbaycan bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji yolla uğurla irəliyə addımlayır. Bu yol müstəqil siyasət, davamlı inkişaf, tərəqqi yoludur. Ulu öndər Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün respublikamızı, sözün həqiqi mənasında, beynəlxalq aləmdə söz sahibinə çevirir və mövqelərini daha da möhkəmləndirir.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri danılmazdır. Bugünkü müstəqil, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. T.Əhmədov istər Sovet İttifaqı, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, ölkəmizin qazandığı bugünkü uğurların məhz Ulu Öndərin siyasətinin nəticəsi olduğunu söyləyib.
Natiq qeyd edib ki, illər ötdükcə biz Heydər Əliyev dühasının müasir müstəqil Azərbaycanın tarixindəki əvəzsiz yerini daha dərindən dərk edir, onun siyasi əzəməti, beynəlxalq nüfuzu barəsində fikir yürütməyə mənəvi ehtiyac duyuruq.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub, komitənin bir qrup əməkdaşı YAP sıralarına üzv qəbul edilib.
Tədbirdə komitə gəncləri arasında keçirilən “Heydər Əliyev-93” adlı mini futbol üzrə ənənəvi idman turnirinin qalibləri də mükafatlandırılıblar.