İQTİSADİYYAT
Dövlət Statistika Komitəsinin nümayəndəsi UNESCAP-ın sədri yanında qrupa üzv seçilib
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə BMT-nin Asiya və Sakit okean ölkələri üçün İqtisadi və Sosial Komissiyanın (UNESCAP) Statistika Komitəsi və BMT-nin Statistika şöbəsinin birgə əməkdaşlığı ilə avqustda Banqkokda keçirilən “Dayanıqlı inkişaf üzrə gündəlik 2030 hədəflərinə nail olmaq məqsədilə rəsmi statistikanın yenilənməsi (transformasiyası)” mövzusunda Asiya və Sakit okean ölkələri üçün təşkil olunan konfransda iştirak edib. Dövlət Statistika Komitəsinin nümayəndəsi UNESCAP-ın Statistika Komitəsinin sədrinin yanında yeni yaradılan Sədrin dostları Qrupuna üzv seçilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, komitənin əməkdaşı konfransa UNESCAP-ın Əhali və sosial statistika üzrə Texniki Məsləhətçi Qrupunun üzvü kimi qatılıb. Konfransda 35 ölkənin milli statistika orqanının və 12 beynəlxalq təşkilatın ümumilikdə 88 nəfər rəhbər və mütəxəssisləri iştirak edib.
Konfransın əsas məqsədi dayanıqlı inkişaf məqsədləri üçün Asiya və Sakit okean regionunda statistika sistemi üzrə potensialın artırılmasına təkan verən müvafiq fəaliyyətlərin həyata keçirilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və cari ilin dekabr ayında keçiriləcək UNESCAP-ın Statistika Komitəsinin 5-ci sessiyası üçün tərəflərin ilkin yüksək səviyyəli məsləhətləşməsinin təmin edilməsi ilə əlaqədar Asiya və Sakit okean ölkələrinin milli statistika orqanlarının rəhbərlərini və ekspertləri bir araya toplamaq məqsədi daşıyıb. Eyni zamanda, Asiya və Sakit okean regionunda dayanıqlı inkişaf üzrə 2030 gündəliyinin milli, regional, regionlararası və qlobal səviyyədə həyata keçirilməsi məqsədilə müvafiq tövsiyələrin hazırlanması əsas müzakirə mövzusu olub.
Bununla yanaşı, milli statistika sisteminin fundamental xarakteristikaları, mövcud problemlər və bu problemlərin aradan qaldırılması üçün həyata keçirilməsi vacib olan tədbirlər, rəsmi statistikanın fundamental prinsipləri əsasında statistika haqqında qanunun mövcud olması, dayanıqlı inkişaf göstəricilərinin inteqrasiyası, alternativ məlumat kimi inzibati məlumatlardan istifadə edilməsi, dayanıqlı inkişaf göstəricilərinin əldə edilməsi üçün hüquqi və institusional bazanın mövcudluğu və milli statistika orqanlarının əsas rolu və sair mövzularda Avstraliya, Estoniya, Danimarka, Asiya İnkişaf Bankından dəvət olunmuş ekspertlər, dayanıqlı inkişafın göstəricilərinin əldə edilməsi məqsədilə milli və regional səviyyədə aparılan təhlillər, bu sahədə hüquqi bazanın mövcudluğu, problemlər və gələcək perspektivlər mövzusunda Hindistan, Filippin, Rusiya, Butan və Vyetnamın milli statistika orqanlarının rəhbərlərinin təqdimatları dinlənilib və müzakirələr aparılıb.
Dövlət Statistika Komitəsinin nümayəndəsi müzakirələr zamanı dayanıqlı inkişafın göstəriciləri haqqında milli səviyyədə aparılan tədqiqatın nəticələri və mövcud vəziyyət ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verib.
Eyni zamanda, UNESCAP-ın Əhali və sosial statistika üzrə Texniki Məsləhətçi Qrupunun (TAG-PSS) gələcək statusunu və fəaliyyət çərçivəsinin müəyyənləşdirilməsi məqsədilə UNESCAP-ın Statistika Komitəsinin və Statistika şöbəsinin rəhbərliyi ilə təşkil edilmiş müzakirələrdə qrupun üzvü N.Xuduzadə də iştirak edib. Son 4 il ərzində fəaliyyət göstərən 11 milli statistika orqanının və 2 beynəlxalq təşkilatın mütəxəssisindən ibarət olan TAG-PSS-ın fəaliyyəti yüksək qiymətləndirilib. Bu ildən başlayaraq TAG-PSS-in gələcək fəaliyyətini 6 ölkənin milli statistika orqanının mütəxəssislərindən ibarət UNESCAP-ın Statistika Komitəsinin sədrinin yanında Sədrin dostları Qrupu tərəfindən davam etdirilməsi və bu qrupun fəaliyyət planının təsdiqi üçün UNESCAP-ın Statistika Komitəsinin 5-ci sessiyasına təqdim edilməsi razılaşdırılıb.