İQTİSADİYYAT
Dövlət Statistika Komitəsinin təmsilçiləri Konyada keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 3-6-da Türkiyənin Konya şəhərində İslam Konfransı Təşkilatına üzv Ölkələrin Milli Statistika Təşkilatlarının fəaliyyətinin ekspert qiymətləndirməsi və Statistika Komissiyasının 6-cı sessiyası keçirilib. Tədbirlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının rəhbəri Cabbar Musayev və dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov iştirak ediblər.
Komitədən AZƏRTAC-a bildirilib ki, milli statistika sistemlərinin monitorinq və qiymətləndirmə mexanizmləri, maliyyə xidmətləri üzrə məlumat bazasının işlənib hazırlanması, üzv ölkələrin milli statistika sistemlərinin ekspertlər tərəfindən qiymətləndirilməsi, 2015-ci ildən sonrakı inkişaf gündəliyinin iqtisadi sektora təsiri, dayanıqlı inkişaf məqsədləri göstəricilərinin yerinə yetirilməsində milli statistika sistemlərinin rolu və bu sahədə potensialın gücləndirilməsi məsələləri müzakirə edilib.
Dövlət Statistika Komitəsinin nümayəndələri dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında milli statistika sistemlərinin roluna dair müzakirələrdə fəal iştirak ediblər, təqdimatla çıxış edərək ölkə təcrübəsini bölüşüblər.