MƏDƏNİYYƏT
Dövlət Teatr Muzeyi və “İçərişəhər” Tarixi Muzeyi Ulu Öndərə həsr olunmuş tədbir keçirəcək
Bakı, 3 may, AZƏRTAC
Mayın 6-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev İrsinin Tədqiqi və Elmi Araşdırmalar Departamentinin direktoru Məhəbbət Mehdiyeva Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı çıxış edəcək, Bakı Musiqi Akademiyasının Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbə və şagirdlərinin ifasında Ulu Öndərə həsr edilmiş əsərlər səsləndiriləcək.
Tamaşaçılara “İçərişəhər” Tarixi Muzeyinin “Ümummilli lider Heydər Əliyev” adlı sərgisi və Dövlət Teatr Muzeyinin Ulu Öndərin mədəniyyətə qayğısından bəhs edən videomaterialı nümayiş etdiriləcək.
Tədbirdə elm, mədəniyyət, incəsənət xadimləri, Bakı muzeylərinin əməkdaşları, ali məktəb tələbələri və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.