CƏMİYYƏT


Dövlət Təhlükəsizliyi Xidməti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını qeyd edib

Bakı, 31 dekabr, AZƏRTAC

Dövlət Təhlükəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edilib.

Xidmətin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, Ulu Öndərin abidəsi önünə əklil qoyulub.

Bu əlamətdar bayramlar münasibətilə Prezident İlham Əliyevin adından hərbi hissənin bütün şəxsi heyətini təbrik edən general-leytenant Mədət Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar diləyib.

Bildirilib ki, Azərbaycan Respublikasının inkişaf strategiyasının banisi ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə sürətlə tərəqqi edən respublikamızın siyasi-iqtisadi nüfuzu gündən-günə artır. Ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrimizin modernləşdirilməsi nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində cari ilin aprel ayında ordumuz düşmənə sarsıdıcı zərbələr vuraraq, gücünü bütün dünyaya nümayiş etdirib. Bu isə xalqımızda böyük ruh yüksəkliyi yaradaraq, işğal olunmuş ərazilərimizin azad olunmasına inam hissini və əzmini daha da artırıb.

Qeyd edilib ki, bu gün DTX-nin hərbi hissəsində şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Əsas məqsəd ölkə rəhbərliyinin və xalqın göstərdiyi yüksək etimadı doğrultmaq, işğal altında olan vətən torpaqlarını azad etmək üçün daim hazır olmaqdır.

Sonra general-leytenant Mədət Quliyev aprel döyüşlərində qardaşları qəhrəmancasına həlak olmuş iki əsgəri həvəsləndirmə qaydasında məzuniyyətlə mükafatlandırıb.

Çıxış edən valideynlər Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən genişmiqyaslı işləri qeyd edib, ordu quruculuğuna da böyük diqqət yetirildiyini vurğulayıblar. Əsgər və zabitlərimizə göstərilən qayğı hər bir valideyni qürurlandırır. Fəxr edirik ki, bu gün bizim də övladlarımız etibarlı vətən müdafiəçiləri sırasındadır. Ən böyük arzumuz, istəyimiz isə torpaqlarımızın işğaldan azad edilməsi ilə qələbə sevincini yaşamaqdır.

Sonda respublikanın tanınmış incəsənət xadimləri tərəfindən vətənpərvərlik mövzusunda ifa edilən mahnılar rəğbət və coşqu ilə qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.