CƏMİYYƏT
Dövlət Yol Polisi ASAN Könüllülərinin dəstəyi ilə sosial-maarifləndirici aksiya keçirib VİDEO
Bakı, 11 avqust, AZƏRTAC
Avqustun 11-də Dövlət Yol Polisi ASAN Könüllülərinin dəstəyi ilə Bakı şəhərində “Təhlükəsiz yol, Asan yol”, “Diqqətli ol! Ailəniz sizi gözləyir!” devizi altında sosial-maarifləndirici aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, aksiyanın məqsədi cəmiyyətin diqqətini yollarda həyat və sağlamlığın qorunmasına yönəltmək, yol-nəqliyyat hadisələri ilə bağlı maarifləndirmə işini gücləndirmək, yollarda hərəkət iştirakçılarının intizamını yüksəltmək olub.
ASAN Könüllüləri hərəkət iştirakçılarını yollarda intizamlı olmağa dəvət ediblər, yol hərəkəti qaydalarını pozan sürücü və piyadalarla yol polisi əməkdaşlarının tövsiyəsi ilə məsləhət veriblər.
Aksiyada yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi, eləcə də piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sürücülərə tövsiyələr verilib.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, keçirilən aksiya dayanma-durmanın qadağan olunmuş ərazilərdə, eyni zamanda, hərəkət intensivliyinin yüksək olduğu yerlərdə qaydanı pozan sürücülərin və yolun qadağan olunmuş hissəsindən keçən piyadaların maarifləndirilməsi məqsədini daşıyır. V.Əsədov deyib: “Hazırda ASAN Könüllülərinin 20-dən çox təmsilçisi bizimlə işləyir. Məqsədimiz avtobus dayanacaqlarından düzgün istifadə qaydalarını tətbiq etməkdir. Avtobus dayanacağı nəqliyyat vasitəsi ilə qeyri-qanunu zəbt edilirsə, bu, artıq avtobusun yolun hərəkət istiqamətində sərnişinləri düşürməsinə səbəb olur. Yol hərəkəti iştirakçıları isə çox təəssüf ki, piyada keçidlərindən istifadə etmirlər və bu halda onların həyatı üçün təhlükələr yaranır. Ümid edirəm ki, bu gün keçirilən maarifləndirici aksiyanın nəticələri olacaq”, - deyə o qeyd edib.