REGİONLAR


Dövlət bundan sonra da baramaçılığa öz dəstəyini verəcək

Bakı, 12 iyul, AZƏRTAC

Biz keçən ildən baramaçılıqla çox ciddi məşğul olmağa başlamışıq. Biz əvvəlki illərdə bu sahəni demək olar ki, itirmişdik. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdi. Bu sahənin itirilməsi çox böyük problemlər yaratdı. Həm Şəki ipək kombinatı demək olar ki, fəaliyyətini dayandırdı, - orada yüzlərlə insan işləyirdi, - həm də kəndlərdə yaşayan, baramaçılıqla məşğul olan kəndlilər bu imkanlardan məhrum oldular.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, keçən il bu sahədə operativ qaydada ciddi dönüş yaradıldı: “Lazımi materialları idxal etdik, tinglər gətirdik. Keçən il 70 ton barama tədarük edilmişdir. 200 kiloqram hara, 70 ton hara? Bu proses davam etdirilir. Mənə verilən məlumata görə, bu il 244 ton yaş barama tədarük edildi. Yəni, keçən ilə nisbətən 3,4 dəfə artım var. Otuz rayonda baramaçılıq inkişaf edir və 739 kənddə insanlar baramaçılıqla məşğul olurlar. Yəni, bu sahə çox gəlirli sahədir, o qədər də böyük zəhmət tələb edən sahə deyil. Qısa müddət ərzində insanlar yaxşı pul qazanırlar və yerində də pulunu alırlar. Ona görə, baramaçılığın inkişafına verdiyimiz təkan əminəm ki, çox böyük nəticəyə gətirib çıxaracaq. Bizim təbii şəraitimiz elədir ki, ölkəmizin əksər yerlərində baramaçılığın yaxşı perspektivləri var. Dövlət öz dəstəyini bundan sonra da göstərəcək. Bu il mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrıldı. Bu vəsaitlə ilin sonuna qədər Qax Barama Damazlıq Mərkəzi yaradılacaqdır. Vaxtilə Qaxda belə mərkəz olubdur. İndi o, yararsız vəziyyətə düşüb, həm dağılıb, həm də orada heç bir avadanlıq yoxdur. İndi ən müasir damazlıq mərkəzi yaradılacaq ki, biz lazım olan o materiallardan da, onların idxalından da asılılığı aradan götürək”.

Şəki ipək kombinatının indi daha böyük həcmdə işlədiyini deyən Prezident İlham Əliyev bildirib ki, kombinat ilboyu tam gücü ilə fəaliyyət göstərməlidir. “Əkilən tut tingləri və apardığımız siyasət əminəm ki, yaxın gələcəkdə ona gətirib çıxaracaq ki, Azərbaycanda 1000 tondan çox barama tədarük ediləcək. Yenə də deyirəm, bunun çox böyük perspektivləri var. Mən indi rəqəm səsləndirmək istəmirəm. Hər halda dövlət öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi”, - deyə dövlətimizin başçısı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.