CƏMİYYƏT
Dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər toplusu nəşr olunub
Bakı, 29 iyul, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilk dəfə olaraq “Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” toplusunu nəşr etdirib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplu bu sahədə son dövrlərdə hazırlanmış ən mütərəqqi nəşrdir. Topluda din və etiqad azadlığı ilə bağlı beynəlxalq normaların öz əksini tapdığı Azərbaycan Respublikası Konstitusiyasındakı maddələr, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və protokolların təsdiq edilməsi barədə qanunlar, “Dini etiqad azadlığı haqqında” Qanun, DQİDK-nın Əsasnaməsi və digər rəsmi sənədlər yer alıb.
Nəşrdəki dövlət və din münasibətlərini tənzimləyən sənədlər həm dövlət qurumları, həm dini icmalar, həm də hər bir vətəndaş üçün bu sahədə yaranacaq sualları cavablandırmağa kömək edəcək.
Kitabın tərtibçisi Dövlət Komitəsinin kadrlarla iş sektorunun müdiri Bəhruz Müslümov, nəşrə məsul şəxs hüquq və qeydiyyat şöbəsinin müdiri Səbinə Allahverdiyevadır.