İQTİSADİYYAT


Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək növbəti hərraca 71 dövlət əmlakı çıxarılıb

Bakı, 13 fevral, AZƏRTAC 

Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli Fərmanına, dövlət başçısının bu sahədəki digər tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı açıq hərracların keçirilməsi davam etdirilir.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, özəlləşdirmə prosesinin yeni mərhələsi sahibkarlığın inkişafına təkan verməklə yanaşı, pambıqçılıq, nəqliyyat, tikinti, xidmət və digər sahələrin canlanmasına dəstək olur.

Hər həftə keçirilən hərraclara paytaxt, eləcə də, regionlarda olan kiçik dövlət müəssisələri, səhmdar cəmiyyətləri, qeyri-yaşayış sahələri çıxarılır. Hərraclarda iştirakçı statusu almaq üçün paytaxt ilə yanaşı regionlarda olan vətəndaşlar da heç bir quruma getmədən, vaxt itkisi olmadan elektron qaydada özəlləşdirmə portalı privatization.az daxil olaraq əmlaklara sifariş verə bilər.

Hərraclar paytaxt (Komitənin İnformasiya Texnologiyaları Mərkəzi, Heydər Əliyev prospekti 139A) və regionlardakı hərrac mərkəzlərində baş tutur. Açıq və şəffaf keçirilən hərraca istənilən şəxs izləyici və ya sifariş verərək iştirakçı qismində qatıla bilər. Eyni zamanda, canlı bağlantı ilə regionlarda keçirilən hərraclar da monitorlarda izlənilir.

Qeyd olunub ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı martın 14-də keçiriləcək növbəti hərraca ümumilikdə 71 dövlət əmlakı çıxarılıb. Hərraca çıxarılan əmlakların 27- si - kiçik dövlət müəssisəsi, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi 20-si səhmdar cəmiyyətlər, 8-i isə nəqliyyat vasitəsidir.

Nəzərə çatdırılıb ki, hərraclarda iştirak etmək proseduru çox sadə və rahatdır. Bunun üçün özəlləşdirmə portalı olan privatization.az saytına daxil olub əmlakı seçib sifariş vermək və 10 faiz behi ödəmək kifayətdir.

Portala daxil olmaqla hərraca çıxarılan əmlakların ilkin satış qiyməti, işçilərin sayı, özəlləşdirilən torpaq sahəsi əmək kollektivinə güzəştli şərtlərlə satılmış hissə və 10 faiz beh barədə geniş məlumatlarla tanış olmaq olar. Hərracda iştirak edən lakin qalib olmayan şəxslər 10 gün ərzində komitəyə müraciət etməklə ödənilən behi geri ala bilər.

Hərraca çıxarılan əmlaklar barədə ictimai məlumatlandırma 1 ay öncədən adıçəkilən portal ilə yanaşı, həm komitənin rəsmi informasiya resursu olan emdk.gov.az saytı, həmdə sosial şəbəkələr vasitəsilə aparılır. Bundan əlavə, hərracların video görüntüləri komitənin rəsmi youtube kanalında yerləşdirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.