İQTİSADİYYAT


Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı prioritet istiqamətlər müəyyənləşdirilib

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

Prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.

Fərmanda deyilir ki, ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatda zəruri struktur dəyişiklikləri aparmaq və onun şaxələndirilməsini təmin etmək, sağlam rəqabət mühiti formalaşdırmaq, habelə milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək məqsədi ilə dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi iqtisadi siyasətin mühüm istiqaməti kimi müəyyənləşdirilib. Bu sahədə aparılan işlərə təkan vermək, həmçinin dövlət əmlakından istifadə olunmasının səmərəliliyinin artırılması və onun idarə olunmasının təkmilləşdirilməsi məqsədilə qərar qəbul edilib.

Fərmanda Nazirlər Kabinetinə orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısını müəyyənləşdirsin, həmin müəssisələrin restrukturizasiyasını həyata keçirmək və onların tabeliyində olan qeyri-profil müəssisə və obyektlərin çıxarılaraq özəlləşdirilməsi üçün tədbirlər görmək tapşırılıb. Həmçinin dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində Bakı və digər şəhərlərin baş planları nəzərə alınmaqla özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahələrinin sərhədlərinin şəhərsalma qanunvericiliyinə uyğun yenidən müəyyən edilməsinə dair təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək də Nazirlər Kabinetinə tapşırılıb.

Sənəddə bildirilir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı prioritetlər müəyyənləşdirilərkən, ilk növbədə regionda rəqabət qabiliyyəti potensialı olan və sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verə biləcək fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük verilir.

Azərbaycan Respublikasının Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyasına özəlləşdirmə prosesinə nəzarətin gücləndirilməsi və bu sahədə aşkarlığın təmin edilməsindən ötrü məqsədyönlü, eləcə də dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatlandırmanın təmin edilməsi, həmçinin müvafiq prosedurların elektron üsulla gerçəkləşdirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsinə dövlət mülkiyyətində olan hüquqi şəxslərin istifadəsindəki torpaqların vəziyyətini araşdırmaq, tələbatdan artıq və ya istifadə olunmayan torpaq sahələrinin səmərəli istifadəsinin təmin edilməsinə yönəlmiş tədbirlər görmək tapşırılıb. Fərmana görə, bu qurum dövlət əmlakının qanunazidd formada istifadə olunması, torpaq sahələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün tədbirlərin görülməsini, aidiyyəti dövlət orqanlarına bu hallar barədə məlumat verilməsini təmin etməlidir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan hüquqi şəxslərə isə dövlət əmlakından istifadə olunması barədə xüsusi hesabatın, eləcə də daşınmaz dövlət əmlakının tərkibindəki dəyişikliklərlə bağlı məlumatların dövlət əmlakının Registrində əksini tapması məqsədilə balanslarında olan əmlak və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmasını təmin etmələri tapşırılıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.