İQTİSADİYYAT
Dövlət komitəsi şəhərsalma normalarını pozan təşkilatlara xəbərdarlıq edib
Bakı, 5 may, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma normalarının pozulması üzrə xətaların təkrarlandığı təqdirdə layihələndirmə işlərinə dair lisenziyaları dayandıracaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli, 375 nömrəli Fərmanına uyğun olaraq Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun icra hakimiyyətlərinə icrası məcburi olan əsaslandırılmış göstəriş ünvanlanıb.
Həmin göstərişə əsasən, binaların yol verilən hündürlük həddi və mərtəbələrin sayı, ərazinin tikinti və tikinti sıxlığı əmsalına dair şəhərsalma normalarını pozmuş inşasına yeni başlanmış tikintilər üzrə tədbir görülməsi və bu barədə komitənin məlumatlandırılması tapşırılıb. Eyni zamanda həmin tikintiləri layihələndirən təşkilatlara da xəbərdarlıq edilib.