CƏMİYYƏT
Dövlət müşaviri UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun rəhbəri ilə görüşüb
Bakı, 28 sentyabr, AZƏRTAC
Sentyabrın 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin UNESCO-nun Təhsil üzrə Beynəlxalq Bürosunun (İBE) rəhbəri Mmantsetsa Marope ilə görüşü olub. Bu barədə AZƏRTAC-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat veriblər.
Dövlət müşaviri Azərbaycan Prezidentinin 2014-cü il 15 may tarixli Fərmanı ilə yaradılan BBMM-in fəaliyyətindən söz açaraq qısa müddət ərzində qurumun ölkəmizdə yaşayan etnik və dini icmalar arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı regional və beynəlxalq tədbirlərin həyata keçirildiyini deyib. Kamal Abdullayev BBMM-in reallaşdırdığı layihələr sırasında beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkili, “Multikulturalizm terrora qarşı” proyektini, “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubunun təsis olunmasını, ölkənin 28, dünyanın 20 nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini, multikulturalizmlə bağlı kitabların hazırlanmasını və nəşrini qeyd edib.
Mmantsetsa Marope rəhbərlik etdiyi qurumun yaradılması və fəaliyyəti haqqında danışaraq deyib ki, Təhsil üzrə Beynəlxalq Büro 1925-ci ildə Cenevrədə qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayıb və 1999-cu ildən UNESCO-nun kurikulumların inkişaf etdirilməsi, təhsilin məzmunu, metodları və tədris strategiyalarına məsul institutudur.
Büro rəhbəri multikulturallıq və tolerantlıq ənənələri deyiləndə insanları fərqləndirən nüansların deyil, onları yaxınlaşdıran, birləşdirən amillərin önə çəkilməsinin vacibliyini və dünyada ekstremizmin, zorakılığın yayıldığı bir zamanda multikulturalizmin Azərbaycanda həyat tərzi kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Mmantsetsa Marope Azərbaycan multikulturalizminin UNESCO-nun Tədris Proqramına daxil edilməsi istiqamətində səylərin birləşdirilməsinin vacibliyindən söz açaraq deyib: “Biz Azərbaycanın tarixən multikulturalizm sahəsində topladığı qiymətli təcrübəni öz işimizdə tətbiq etmək istərdik”.
Azərbaycanın Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqovun da iştirak etdiyi görüşdə Azərbaycan multikulturalizminin UNESCO səviyyəsində təbliği və təşviqinin perspektivləri haqqında fikir mübadiləsi aparılıb.