REGİONLAR


Dövlət müşaviri cəbhə bölgəsində dindarlarla və ictimaiyyət nümayəndələri ilə görüşüb

A+ A

Tərtər, 9 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Qarabağ bölgəsinə səfəri çərçivəsində iyulun 9-da təmas xəttində yerləşən Tərtər rayonunda olub.

AZƏRTAC xəbər verir ki, dövlət müşaviri və rayon icra hakimiyyətinin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri qoyub, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Dövlət müşaviri sonra rayon Cümə məscidində dindarlarla, ictimaiyyətin nümayəndələri ilə görüşüb, onları Ramazan bayramı münasibətilə təbrik edib. Kamal Abdullayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan əməli addımlar, banisi ulu öndər Heydər Əliyev olan Azərbaycan multikulturalizm siyasətinin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən tədbirlər, dövlət-din münasibətlərindən söhbət açıb. Qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Tərtər Cümə məscidinin təmir olunması din xadimlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət müşavirinə Tərtərdə aparılan tikinti-quruculuq işləri barədə məlumat verib, aprel döyüşlərində tərtərlilərin göstərdikləri qəhrəmanlıqlardan, Prezident İlham Əliyevin xanımı ilə rayona səfər edərək təmas xəttindən 200 metrlik məsafədə yerləşən Qapanlı kəndində əhali ilə görüşündən, düşmənin atəşi nəticəsində dağılmış evlərə baxış keçirməsindən, hərbi hissədə olmasından, cəbhə bölgəsinə göstərilən yüksək diqqət və qayğıdan bəhs edib.

Aprel döyüşlərində şəhid olmuş Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov görüşdə çıxış edərək işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına inandığını söyləyib.

Dövlət müşaviri Kamal Abdullayev Tərtər Cümə məscidinə və şəhid atası Bəhruz İsgəndərova “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını və yeni çap olunmuş “Multikulturalizm” jurnalının ilk nömrəsini hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.