SİYASƏT
Dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 2016-cı il 11 oktyabr tarixli Sərəncamına uyğun olaraq, elmi-praktik konfrans keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetdəki büstü önünə tər gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov dövlətimizin keçdiyi çətin müstəqillik yolundan bəhs edib. Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərindən danışan professor bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirilib ki, əldə olunan müstəqilliyi qoruyub saxlamaq, onu möhkəmləndirmək, bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək üçün biz çox işlər görməliyik.
Universitetin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev “Müstəqillik illərində təhsilimizin inkişafı” mövzusunda təqdimatla çıxış edib.
Digər çıxış edənlər də ölkəmizin müstəqillik uğrunda keçdiyi tarixi yoldan danışıblar. Azərbaycanın bugünkü inkişaf yolunun Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsi olduğu söylənilib.