REGİONLAR
Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var
Bərdə, 18 oktyabr, AZƏRTAC
Bərdədə 18 Oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüb, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirək ekspozisiyalarla tanış olublar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək Azərbaycanın keçdiyi müstəqillik yolundan, müstəqilliyimizin ilk illərində ölkəmizdə yaranmış ağır ictimai-siyasi vəziyyətdən, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb. Bildirilib ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var.
Rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Bilik Fondunun Bərdə rayonu üzrə nümayəndəsi Vidadi Süleymanov çıxışlarında Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlərdən bəhs ediblər. Bildirilib ki, Ulu Öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük nailiyyətlər əldə edərək, dünyada sürətlə inkişaf edən dövlətlərdən birinə çevrilib.
Tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi ilə bağlı videoçarx, akademik Zərifə Əliyeva adına məktəb-liseyin və şəhər 4 saylı uşaq musiqi məktəbinin şagirdlərinin ifasında “Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir” adlı bədii kompozisiya nümayiş etdirilib.