REGİONLAR


Dövlət müstəqilliyinin 25 illiyi Qarabağ bölgəsində təntənə ilə qeyd olunub

A+ A

Ağdam, 18 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi respublikamızın hər yerində olduğu kimi, Qarabağ bölgəsində də təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Ağdam rayon ictimaiyyəti ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Ağdam Dövlət Dram Teatrında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov və başqaları çıxış edərək 25 il əvvəl dövlət müstəqilliyinin bərpasından, Azərbaycanın həmin dövrdə qarşılaşdığı təhlükələrdən, respublikamızın çətin, lakin şərəfli müstəqillik yolundan danışıblar. Çıxışlarda 1990-cı illərin əvvəllərində ölkədəki ictimai-siyasi proseslər, hökm sürən özbaşınalıq, xaos və anarxiya, Ermənistanın apardığı qəsbkarlıq müharibəsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsi bir daha xatırlanıb. Bildirilib ki, xalqımızın və dövlətimizin belə bir çətin vaxtında – 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb və möhkəmləndirilib, dövlət quruculuğu və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası sahəsində mühüm işlər görülüb.

Sonra Mədəniyyət və Turizm Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə konsert proqramı nümayiş olunub. Tanınmış incəsənət ustalarının ifasında təqdim olunan rəngarəng musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

X X X

18 Oktyabr – Dövlət Müstəqilliyi günü münasibətilə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsindəki mədəniyyət evində tədbir keçirilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, 1990-cı illərin əvvəllərindəki ictimai-siyasi vəziyyətdən, dövlət müstəqilliyinin bərpa edilməsindən danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı qəbul edib. Lakin dövlət müstəqilliyinin ilk illəri xalqımız və dövlətimiz üçün keşməkeşli olub. 1991-1993-cü illərdə ölkədə daxili böhran, vətəndaş itaətsizliyi, xaos hökm sürür, separatizm meyilləri yaranır, digər tərəfdən Qarabağda Ermənistan silahlı birləşmələri tərəfindən yaşayış məntəqələrimiz bir-birinin ardınca işğal edilirdi. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınıb, siyasi sabitlik təmin olunub, iqtisadiyyat ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyub, nizami ordu quruculuğunda, eləcə də respublika həyatının bütün sahələrində dinamik tərəqqi təmin edilib.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafına, qüdrətlənməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Salakətin kənd tam orta məktəbinin şagirdləri və Kurapatkin kənd uşaq bağçasının uşaqlarının ifasında kompozisiya, rayon musiqi məktəbinin kollektivi tərəfindən konsert proqramı nümayiş olunub.

X X X

Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə Horadiz şəhərində keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət himninin səslənməsi ilə başlanıb. Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iştirakçıları 18 Oktyabr - Dövlət Müstəqilliyi günü münasibətilə təbrik edib, Azərbaycanın keçdiyi müstəqillik yolundan söz açıb. Bildirib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. 1991-1993-cü ilin iyun ayına kimi hakimiyyətdə olanların səriştəsizliyi nəticəsində ölkədə anarxiya hökm sürürdü. Azərbaycan dövlət kimi məhv olmaq, parçalanmaq üzrə idi. Qarabağda kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca işğal olunurdu. Belə bir şəraitdə xalq özünün xilaskarı kimi Heydər Əliyevi gördü. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz xaos və anarxiyadan azad olaraq, inkişaf yoluna çıxdı. Məhz Ulu Öndərin qətiyyətli siyasəti, müdrikliyi və uzaqgörənliyi sayəsində respublikamızın müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi, dönməz, əbədi və sarsılmaz xarakter aldı.

Digər çıxış edənlər müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, bu çətinliklərin aradan qaldırılması, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən danışıblar.

Tədbir konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.