REGİONLAR
Dövlət müstəqilliyinin 25 illiyi əsgər və zabitlərlə birlikdə qeyd olunub
Tovuz, 20 oktyabr, AZƏRTAC
Tovuz Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə keçirilən silsilə tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti tədbir N saylı hərbi hissədə keçirilib.
İctimaiyyət nümayəndələrinin, əsgər və zabitlərin iştirak etdiyi tədbirdə çıxış edənlər bildiriblər ki, 1991-ci il oktyabrın 18-də respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz dövlət müstəqilliyini elan etsə də, suverenliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi məhz ümummilli lider Heydər Əliyevin xidmətləri ilə bağlıdır. Yalnız onun qətiyyəti, müdrikliyi nəticəsində ölkədə qeyri-sabitliyə, vətəndaş müharibəsi təhlükəsinə, daxili və xarici təzyiqlərə, dövlət çevrilişi cəhdlərinə son qoyuldu. Azərbaycanda bütün sahələrdə inkişafa start verildi.
Çıxışlarda diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyətləri sayəsində Azərbaycan regionun ən qüdrətli ölkəsinə çevrilib.
Sonra rayon mədəniyyət və turizm şöbəsi tərəfindən hazırlanan geniş konsert proqramı təqdim olunub.
Yerli müğənnilərin ifasında səslənən mahnılar əsgər və zabitlərdə xoş ovqat yaradıb.