SİYASƏT


Dövlət müstəqilliyinin 25 illiyi: xarici ölkə alimləri Azərbaycan xalqını təbrik edirlər

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, Rusiyanın nüfuzlu “Sovremennaya nauçnaya mısl” elmi jurnalının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş xüsusi buraxılışı çapdan çıxıb.

Xüsusi buraxılış Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun “Prezident İlham Əliyev – müasir inkişafın Azərbaycan modelinin qurucusu” məqaləsi ilə başlanır. Jurnalda, həmçinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevin, tarixçi alimlər Cəbi Bəhramov, Sevinc Əliyeva və Firdovsiyyə Əhmədovanın, Türkiyənin Karabük Universitetinin dosenti Əli Əsgərin, professorlar Rauşanbek Absattarov, İohann Rau və başqalarının da məqalələri dərc edilib. Bununla yanaşı, xüsusi buraxılışda “Sovremennaya nauçnaya mısl” jurnalının baş redaktoru İqor Turitsının, akademik Rafael Hakimovun, professorlar İohann Rau, Rauşanbek Absattarov və başqalarının Azərbaycanın dövlət müstəqilliyinin bərpası münasibətilə xalqımıza ünvanlandığı təbriklər də yer alıb.

AZƏRTAC xəbər verir ki, nəşrin baş redaktoru İ.Turitsın təbrik məktubunda dünyaya insan dühasının görkəmli nümunələrini, şair və filosofların unikal yaradıcılığını, görkəmli mədəniyyət və incəsənət abidələri bəxş etmiş Azərbaycan torpağının öz keçmişində gələcək inkişafı üçün dayaq tapdığını vurğulayır. Bununla yanaşı, hazırda bu suveren ölkə ardıcıl surətdə öz dövlətçiliyini möhkəmlədir, hüquqi, demokratik məkan formalaşdırır, müasir innovativ iqtisadiyyat qurur, elm və mədəniyyəti fəal inkişaf etdirir, tərəqqiyə doğru inamla irəliləyir.

Baş redaktor qeyd edir ki, Azərbaycan mötəbər beynəlxalq siyasi, iqtisadi, elmi, mədəni və idman forumlarının daha çox keçirildiyi məkana çevrilir. Burada milli ənənələrin qayğı ilə qorunub saxlanılması ilə yanaşı, həm də digər dinlərə etiqad edənlərin hisslərinə hörmətlə yanaşılır, müxtəlif mədəniyyətlərin harmonik çulğaşması üçün şərait yaradılır. Azərbaycan bu gün müsəlman dünyasının geniş əməkdaşlıq üçün açıq olan ən dünyəvi dövlətidir. Onun Rusiya Federasiyası ilə illərdən bəri davam edən dostluq əlaqələri və möhkəmlənən əməkdaşlığı xüsusi məna daşıyır. Müasir Azərbaycan orijinal simaya malikdir, yaradıcı, sülhsevər siyasət aparır, yeni nailiyyətlərə doğru addımlayır, gələcəyə inamla baxır.

Rusiya Təhsil Akademiyasının akademik-katibi, pedaqoji elmlər doktoru, professor Stanislav Lomov öz təbrik məktubunda xatırladır ki, elmin həyatiliyi yaradıcı tapşırıqlar müəyyənləşdirməyə və həll etməyə imkan verən, bəşəriyyətin intellektual və mənəvi üfüqlərini genişləndirən, insanı əhatə edən dünyanı yaxşılığa doğru dəyişən maraqlı, lakin gərgin və olduqca məsuliyyətli gündəlik zəhmətdir. Professor S.Lomov qeyd edir ki, elmi ictimaiyyətin inkişafı ictimai tərəqqinin əsas rəhnidir, bir növ sosiumun sağlamlıq göstəricisidir və onun inkişaf perspektivlərini aydın müəyyən edir. O, fikrini yekunlaşdıraraq Rusiya və Azərbaycanın elmi həyatının daha da zənginləşdirilməsinin, dövlətlərarası elmi əməkdaşlığın və alimlər arasında əlaqələrin inkişafının zamanın mühüm tələbi olduğunu bildirir və Azərbaycan xalqını bayram münasibətilə təbrik edir.

Tarix elmləri doktoru, akademik, Rusiya Federasiyasının Tatarıstan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, akademiyanın Ş.Marcani adına Tarix İnstitutunun direktoru Rafael Hakimov da xalqımıza səmimi arzularını ünvanlayıb. O yazır ki, tarixi hadisədən keçən dövr ərzində Azərbaycan dünyanın nüfuzlu, demokratik dövlətləri sırasında layiqli yer tutub. “Görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkə heyrətamiz uğurlar qazanıb. İqtisadiyyatda, elmdə və mədəniyyətdə, ictimai həyatın bütün sahələrində əldə olunan uğurlar respublika rəhbərliyinin müdrikliyinə, Azərbaycan xalqının sıx birliyinə və nəhəng yaradıcı potensialına, onun dinc yaradıcı həyata doğru sürətlə irəliləməsinə inandırıcı sübutdur. Tatarıstanda qardaş türk xalqının nailiyyətləri ilə qürur duyur və ortaq tariximizi, dinimizi və mədəniyyətimizi çox yüksək dəyərləndirirlər”, -deyə akademik Rafael Hakimov vurğulayır.

Berlindən fəlsəfə elmləri doktoru, professor İohann Rau qeyd edir ki, Azərbaycan Respublikası ötən 25 il ərzində dünyanın əksər ölkələrinin qibtə edəcəyi sürətli inkişaf yolu keçib. Alman alimi belə bir sual qoyur: xarici təcavüzə məruz qalan və bir milyondan çox qaçqın və məcburi köçkünü olan ölkənin bu uğurlarını nə ilə izah etmək olar? İohann Rau fenomeni üç faktorla izah edir: istedadlı, zəhmətsevər xalq; müstəqilliyə daxili tələbat və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ona hazır olmaq; Prezident İlham Əliyev başda olmaqla xalqın fəal, təşəbbüskar maraqlarına sadiq elita. Professor əmindir ki, Azərbaycan Respublikasının gələcək inkişafı da çox uğurlu olacaq.

Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Rauşanbek Absattarov təbrik məktubunda yazır ki, 25 il tarix üçün qısa müddət olsa da, Azərbaycan Respublikası bu müddət ərzində heyrətamiz dərəcədə çox iş görməyi bacarıb. “İqtisadi, sosial, siyasi, elmi və digər sahələrin yüksələn xətt üzrə inkişafında əldə edilən uğurlara görə çox az sayda keçmiş sovet respublikası bu gənc dövlətlə müqayisə edilə bilər. Azərbaycan Respublikası beynəlxalq arenada, xüsusilə hərbi bloklara və ittifaqlara qoşulmayan dövlətlər sırasında layiqli yer tutub”, - deyə professor Rauşanbek Absattarov qeyd edir.

Ç.E.Axriyev adına İnquşetiya Humanitar Elmlər Elmi-Tədqiqat İnstitutunun direktoru hesab edir ki, “inquş və Azərbaycan xalqlarının qardaş və dost münasibətləri dərin və möhkəm köklərə malikdir. İnquşetiya və Azərbaycanın elm sahəsində əməkdaşlığı respublikalarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. Qoy Azərbaycan xalqının uğur və nailiyyətləri onun parlaq gələcəyinin rəhni olsun”.

Adıgey Respublikası T.M.Keraşev adına Humanitar Tədqiqatlar İnstitutunun direktor müavini, tarix elmləri doktoru Asker Paneş xalqımızı əlamətdar hadisə münasibətilə təbrik edərək yazır ki, bu illər ərzində Azərbaycan Respublikası sosial-iqtisadi və mədəni inkişafda mühüm uğurlar qazanıb. AMEA-nın Rusiyanın aparıcı mərkəzləri ilə elmi əlaqələri inkişaf edir və möhkəmlənir. A.Paneş Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik, elm naminə yaradıcı uğurlar və çiçəklənmə arzulayır.

Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maxaç Musayev qeyd edir ki, ötən 25 ildə Azərbaycan iqtisadi və mədəni inkişafda, dövlətçilik quruculuğunda mühüm uğurlar qazanıb. Dağıstan institutunun direktoru Odlar Yurdunun gördüyü işlərin beynəlxalq arena tərəfindən tanınmasından və nüfuzunun artmasından qardaş qüruru duyur və hesab edir ki, dərin və çoxəsrlik köklər üzərində inkişaf edən əməkdaşlıq bizi birləşdirən bağları daha da möhkəmləndirir, Qafqazda rifah və sabitliyə töhfə verir. M.Musayev Azərbaycan xalqına əmin-amanlıq, çoxlu dost, dinamik inkişaf və çiçəklənmə arzusunu çatdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.