CƏMİYYƏT
Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ədliyyə orqanlarında qeyd olunub
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından 25 il ötür. Bu müddətdə ölkəmiz dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək misilsiz inkişaf yolu keçib, bütün sahələrdə yüksək nailiyyətlər əldə edib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin imzaladığı xüsusi Sərəncama və müvafiq Tədbirlər Planına uyğun olaraq, dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü respublikamızda yüksək səviyyədə qeyd olunur.
Əlamətdar tarixi hadisənin ildönümü Ədliyyə Nazirliyində və onun struktur qurumlarında da geniş qeyd edilir. Bununla əlaqədar nazirlik üzrə Tədbirlər Planı təsdiq edilərək, ədliyyə orqanlarında konfranslar, “dəyirmi masa”lar və digər silsilə tədbirlər təşkil olunub, o cümlədən bu ərəfəyə təsadüf edən ədliyyə naziri yanında İctimai Komitənin fəaliyyətinin 10 illiyinə dair konfrans keçirilib. Həmçinin müstəqillik illərinə və ölkəmizin müasir inkişafına həsr olunmuş foto və sənədlərdən ibarət xüsusi stend hazırlanıb.
Silsilə tədbirlər çərçivəsində Ədliyyə Nazirliyində vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş yığıncaq keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin nazirliyin binasındakı büstü önünə tər çiçəklər qoyulub.
Tədbirdə ədliyyə naziri Fikrət Məmmədovun bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən Beynəlxalq İstanbul Hüquq Konqresində iştirak etmək üçün qardaş ölkədə səfərdə olduğu bildirilib. Qeyd edilib ki, nazir mötəbər tədbirin açılışında çıxış zamanı müstəqilliyimizin 25 illiyinin qeyd olunduğunu xüsusi vurğulayıb, ötən dövrdə ölkəmizdə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarını və qazanılan yüksək nailiyyətləri dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Sonra ədliyyə nazirinin müavini Azər Cəfərov məruzə ilə çıxış edərək xalqımızın zəngin dövlətçilik tarixindən və azadlıq uğrunda mübarizəsindən danışıb. Nazir müavini 1991-ci ildə yenidən bərpa olunmuş dövlət müstəqilliyimizin məhz ümummilli lider Heydər Əliyevin yenilməz iradəsi və qətiyyəti ilə qorunub möhkəmləndiyini vurğulayıb. A.Cəfərov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli dinamik tərəqqisini, bütün sahələrdə əldə olunan böyük uğurları qeyd edib.
Yığıncaqda ədliyyə işçiləri, o cümlədən gənclər və digər çıxış edənlər Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında əvəzsiz xidmətlərindən, müstəqilliyimizlə bərabər inkişaf edən müasir ədliyyə sistemimizin cəmiyyətdə əhəmiyyətli yeri və rolundan, dövlətimizin gənclərə qayğısından danışıblar. Natiqlər Ümummilli Liderin milli dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlarını, müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsi naminə ölkə başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində daim layiqli yardımçı olacaqlarını bildiriblər.
Sonda dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunmuş sənədli film nümayiş etdirilib.