REGİONLAR
Dövlət müstəqilliyinin bərpasının 25 illiyi İsmayıllıda qeyd olunub
İsmayıllı, 18 oktyabr, AZƏRTAC
İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi təntənəli surətdə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə iştirakçıları təbrik edib. İcra hakimiyyətinin başçısı, eləcə də məruzə ilə çıxış edən rayon prokuroru Ülvi Abbasov vurğulayıblar ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk olaraq Azərbaycan dövlət müstəqilliyini əldə edib, Xalq Cümhuriyyəti qurulub. Təəssüf ki, bu müstəqillik cəmi 23 ay davam edib. Lakin xalqın azadlıq, müstəqillik istəkləri sarsılmayıb. 70 illik həsrətə nəhayət ki, 1991-ci il oktyabrın 18-də son qoyulub. Azərbaycan Respublikasının Ali Soveti dövlət müstəqilliyinin bərpası barədə Konstitusiya Aktı qəbul edib. Lakin o illərdə Ermənistanın torpaqlarımıza hərbi təcavüzü, ölkəmizdə baş alıb gedən anarxiya, xaos, yarıtmaz idarəçilik müstəqilliyimizi yenidən təhlükə altına salmışdı. Xalq bu çətin vəziyyətdə ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ölkənin düşdüyü bu ağır vəziyyətə biganə qala bilməyən Ulu Öndər əvvəlcə Ali Sovetin sədri, sonra isə ölkə Prezidenti seçildi. Beləliklə, dahi rəhbərin düşünülmüş və uzaqgörən siyasəti sayəsində respublika özünün inkişaf dövrünə qədəm qoydu. Hazırda Ulu Öndərin siyasi xətti dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz dünyanın sayılıb-seçilən dövlətləri arasında öz layiqli yerini tutub.
Şəhər 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov, Cülyan kənd tam orta məktəbinin müəllimi Azadə Xəlilova, Təzəkənd tam orta məktəbinin direktoru Elxan Bədəlov dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanın sosial-iqtisadi, siyasi-ideoloji, mədəni, təhsil və elm sahələrinin inkişafı ilə bağlı çıxışlar ediblər.
Tədbirdə gənclər və idman idarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə dövlət müstəqilliyimizin bərpasının 25 illiyi mövzusunda keçirilən inşa yazı və rəsm müsabiqələrinin qaliblərinə diplomlar və mükafatlar verilib.
Sonda konsert təqdim olunub.