REGİONLAR
Dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində Ulu Öndərin xidmətləri əvəzsizdir VİDEO
Quba, 16 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Bu gün Azərbaycanın Qafqaz regionunda lider dövlətə çevrilməsi məhz Ulu Öndərin parlaq zəkasının və müdrik siyasətinin bəhrəsidir.
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da Qubada təşkil olunmuş Dövlət Müstəqilliyi Gününə həsr edilən tədbirdə bu fikirlər xüsusi vurğulanıb.
Şəhər Mədəniyyət Evində keçirilən tədbirdən öncə iştirakçılar qubalı sənətkarların rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edənlər XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından, müstəqilliyimizin qorunub saxlanması uğrunda aparılan qətiyyətli mübarizədən və ölkəmizin əldə etdiyi uğurlardan geniş bəhs edilib.
Çıxış edənlər respublikamızın, eləcə də Qubanın sosial-iqtisadi inkişafında, bölgələrin sürətlə abadlaşdırılmasında, yeni istehsal sahələrinin açılması sayəsində işsizliyin aradan qaldırılmasında dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü işləri yüksək qiymətləndiriblər.
Tədbirdə yerli incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim edilib. Vətənpərvər musiqi sədaları altında Dövlət Bayrağının səhnəyə gətirilməsi alqışlarla müşayiət olunub.