ELM VƏ TƏHSİL
Dövlət qulluğu ilə bağlı təlimdə təklif edilən islahatlar barədə müzakirələr aparılıb
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 26-da Dövlət İmtahan Mərkəzinin (DİM), Litvanın Dövlət Katibliyinin, Dövlət Qulluğu Departamentinin və Avropa Sosial Fond Agentliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Tvinninq layihəsi üzrə növbəti təlim keçirilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, “Dövlət qulluğu vəzifələrinin qruplaşdırılması” mövzusunda keçirilən təlimdə təklif edilən islahatlar müzakirə olunub.
Təlimin ilk günü Azərbaycanın müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarından 30-dan artıq insan resursları üzrə mütəxəssis litvalı ekspertlər xanım Renata Sadzeviciute, Gintautas Vilkelis və Rimantas Klepaciusunun ölkəmiz üçün təklifləri və Avropa təcrübəsinə əsaslanan dövlət qulluğu vəzifələrinin yenidən qruplaşdırılması üzrə təklif layihəsi ilə tanış olub, müzakirələrdə iştirak ediblər.
Təlim zamanı “Vəzifələr üzrə qabiliyyət və bacarıqların müəyyənləşdirilməsi”, “Vəzifə təlimatlarının təhlili və vəzifə profilinin praktik hazırlanması”, “Dövlət qulluqçularının seçimində qabiliyyət modelinin tətbiqi” və digər mövzularda təqdimatlar edilib və yerli mütəxəssislərlə fikir mübadiləsi aparılıb.
Aprelin 27-də davam edəcək təlimdə seçilən 10 iştirakçı “Təlimçilərin təlimi” proqramı üzrə təşkil olunacaq tədbirə qatılacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanda Avropanın qabaqcıl təcrübəsinə uyğun peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək, dövlət qulluğu vəzifələrinin yeni təsnifat sisteminin yaradılmasıdır. Həmçinin müvafiq sistemin dövlət qulluğuna qəbul, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və əməyin ödənilməsi sistemi ilə əlaqələndirilməsidir. Layihə dövlət idarəetmə mexanizminin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, eləcə də milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılmasını nəzərdə tutur.