CƏMİYYƏT
Dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqədə ən böyük maraq “ASAN xidmət”ə olub VİDEO
Bakı, 18 iyul (AZƏRTAC). Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya iyunun 13-də üç dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 12 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan etmişdir. Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrindən 10-u mərkəzi icra hakimiyyəti orqanının yerli təşkilatlarında, 2-si isə məhkəmə orqanlarının aparatındadır. Müsabiqə üzrə qeydiyyat iyulun 14-də başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-a daxil olan məlumata görə,
müsabiqədə iştirak etmək üçün Komissiyada qeydə alınmış 824 nəfərin 78,88 faizini gənclər təşkil edib. Ən çox namizədin qeydə alındığı dövlət orqanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (754 namizəd) olub.
Müsabiqənin test imtahanı mərhələsi iyulun 21-dən etibarən başlayır. Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilib. Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Test imtahanının kompyuter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış “Test imtahanı” sistemi ilə namizədlər Komissiyanın rəsmi internet saytında ətraflı tanış ola bilərlər.
Namizədlərin imtahana daha yaxşı hazırlaşmaları üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait, onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı qurumun rəsmi internet saytında yerləşdirilib.
Test imtahanlarının nəticələri imtahan başa çatdıqdan dərhal sonra namizədlərə təqdim ediləcək. Eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında yerləşdiriləcək.
Komissiya tərəfindən 1, 23, 30 aprel və 20 may tarixlərdə elan olunmuş müsabiqələrin hazırda müsahibə mərhələsi davam edir. Müsahibələrdə iştirak etmək üçün indiyə qədər Komissiyada qeydə alınmış 391 namizəddən 148-i bu mərhələdən də uğurla keçərək vakant dövlət qulluğu vəzifələrinə uyğun bilinib.