REGİONLAR


Dövlət qulluqçularının andiçmə mərasimi olub

A+ A

Naxçıvan, 6 avqust, AZƏRTAC

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının andiçmə mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikada bütün sahələr kimi, dövlət qulluğu sahəsinın də qayğı ilə əhatə olunduğunu, müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi yaradıldığını bildirib.

İsmayıl Qəribli qeyd edib ki, dövlət orqanları üçün müasir inzibati binaların tikilib istifadəyə verilməsi, bacarıq və peşəkarlığı yüksək olan dövlət qulluqçularının təltif edilməsi, dövlət idarəçiliyi sistemində yeni texnologiyaların tətbiqi, “Elektron hökumət”in, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin qurulması bunun bariz nümunəsidir.

Muxtar respublikada dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən də danışan İsmayıl Qəribli bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması vətəndaşların mərkəzləşdirilmiş qaydada dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə geniş imkanlar açıb.

Sonra müsabiqəni uğurla başa vurmuş və statistika orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.

Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib, xatirə şəkli çəkdirilib, mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.

Qeyd edək ki, komissiya tərəfindən 2016-cı il iyunun 6-da elan edilmiş müsabiqəyə 201 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 213 nəfər sənəd təqdim edib. Müsabiqənin iyunun 29-dan iyulun 2-dək keçirilən test imtahanları mərhələsində 205 namizəd iştirak edib, 180 namizəd keçid balını toplaya bilib. İyulun 27-dən 30-dək keçirilən müsahibə mərhələsində isə 142 namizəddən 124-ü müvəffəqiyyət qazanaraq vakant vəzifələrə təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.