CƏMİYYƏT
Dövlət sərhədini qanunsuz keçdikdən sonra müqavimət göstərərək qaçmağa cəhd edən şəxs saxlanılıb
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Muxtarlı Əfqan Sabir oğlu mayın 29-da saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq, onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərib. Lakin Ə.Muxtarlı Xidmətin əməkdaşları tərəfindən saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, DSX-nin əməkdaşları tərəfindən axtarış zamanı Ə.Muxtarlının üzərindən 10 min avro məbləğində nağd pul, “Bank of Georgia ekspress” plastik kartı və digər əşyalar aşkar edilərək götürülüb.
Faktla bağlı mayın 30-da DSX-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb və Ə.Muxtarlı şübhəli şəxs qismində tutulub.
Mayın 31-də Ə.Muxtarlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 318.1-ci, 206.1-ci və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunmaqla Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.