SİYASƏT


Dövlətqaçqınkomda milli azlıqların müdafiəsi ilə bağlı məsələ müzakirə edilib

Bakı, 7 iyul, AZƏRTAC 

Azərbaycanda səfərdə olan Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin Latviya üzrə üzvü Reinis Aboltinsin başçılıq etdiyi nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovla görüşüb.

Dövlətqaçqınkomun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlara ölkəmizlə bağlı hərtərəfli məlumat verən Komitə sədrinin müavini Şərqin ilk demokratik respublikası kimi Azərbaycanın gündən-günə inkişaf etdiyini, hüquqi, dünyəvi dövlət olaraq daim dinc qonşuluq şəraitində yaşamağa üstünlük verdiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkəmizdə əsrlərdən bəri müxtəlif millətlərin nümayəndələri xalqımızla çiyin-çiyinə yaşayır, milli adət-ənənələrini, dəyərlərini qoruyub saxlayırlar. Bütün milli azlıqların dini, mədəni abidələrinin, milli-adət ənənələrinin qorunub saxlanılmasına, hüquqlarının təmin olunmasına dövlət tərəfindən xüsusi önəm verildiyini deyən F.Hüseynov onu da vurğulayıb ki, bu gün dünyada tolerant ölkə kimi tanınan Azərbaycan özünəməxsus ənənələri ilə həmişə dünya sivilizasiyasına mühüm töhfələr verib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan F.Hüseynov qonaqlara münaqişə ilə bağlı, bu münaqişə nəticəsində ölkəmizdə yaranmış qaçqın və məcburi köçkün problemi, problemin həlli istiqamətində artıq dünyanın oxşar problemləri ilə üzləşən ölkələri üçün də nümunə kimi dəyərləndirilən Azərbaycan modeli barədə ətraflı məlumat verib. Qeyd olunub ki, bu gün də erməni işğalından əziyyət çəkən qaçqın və məcburi köçkünlərin sırasında milli azlıqların da xeyli nümayəndəsi var. Onlar da bütün qaçqın və məcburi köçkünlər kimi Azərbaycanın tam hüquqlu vətəndaşı olaraq bütün imtiyazlardan istifadə edir, ölkəmizin tolerantlıq ənənələrindən, müxtəlif problemlərinin həllində dövlət dəstəyindən lazımınca bəhrələnirlər. Bunun bariz nümunəsi kimi, azsaylı xalqların nümayəndəsi olaraq məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın da mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, məşğulluqlarının təmin olunmasına, hüquqlarının müdafiəsinə, digər məsələlərin həllinə dövlət dəstəyindən danışan Komitə sədrinin müavini vurğulayıb ki, Laçın rayonundan məcburi köçkün düşmüş kürd əsilli Çıraqov qardaşlarının və digərlərinin erməni işğalı nəticəsində dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciətləri ilə əlaqədar onlara hərtərəfli hüquqi yardım göstərilib, həmin müraciətin müsbət həllinə nail olunması müvafiq qurumların daimi diqqət mərkəzində saxlanılıb.

Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, bu münaqişə nəticəsində Dağlıq Qarabağ bölgəsi və onun ətrafında sırf azərbaycanlıların yaşadığı 7 rayon da daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasından, 1 milyon 200 mindən çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsindən, ermənilərin törətdikləri vəhşiliklərdən ətraflı danışan F.Hüseynov təəssüflə bildirib ki, bütün bunlara baxmayaraq beynəlxalq birlik Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləsə də işğalçı ölkə bu çağırışlara və beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymamaqda davam edir, qanlı terror əməllərindən əl çəkmir. Bu baxımdan erməni vandalizminin nəticəsi olan Xocalı soyqırımından, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan rəhbərliyinin qanunsuz əməllərindən, ermənilərin ölkəmizdə törətdikləri çoxsaylı terror cinayətlərindən bəhs edən F.Hüseynov Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, həmçinin sonrakı illərdə digər qurumların, Avropa Şurasının, Avropa Parlamentinin qəbul etdikləri müvafiq sənədlərin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğulayıb.

Sonda Komitə sədrinin müavini iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində qətlə yetirilən 2 yaşlı Zəhranın və onun nənəsinin faciəsindən söz açıb. Beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa dövlətlərinin ikili standartlarından əl çəkərək bu hadisəyə münasibət bildirməli olduqlarını da diqqətə çatdırıb. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu vəziyyətin gərginləşməsinin, münaqişə zonasındakı bu cür insidentlərin əsas səbəbidir və münaqişənin dinc yolla həllində ciddi maneədir.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə qonaqlar suallarına ətraflı cavab aldıqlarına və hərtərəfli məlumata görə minnətdarlıqlarını ifadə edərək Azərbaycan dövlətinin tolerantlıq ənənələrindən məmnunluqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.