REGİONLAR
Doxsan üç yaşlı veteran: üç ay hospitalda yatandan sonra yenidən cəbhəyə qayıtdım VİDEO
Cəlilabad, 9 may, İlkin Adıyev, AZƏRTAC
Faşizm üzərində tarixi qələbədən 72 il keçir. Ölkəmizin digər bölgələrində olduğu kimi, həmin illərdə Cəlilabaddan da cəbhəyə xeyli gənc yollanmışdı. Faşizmə qarşı müharibədə 3600-dən çox cəlilabadlı iştirak etsə də, onların yarıdan çoxu geri qayıtmadı. Müharibənin od-alovundan sağ-salamat çıxanlar arasında rayonun Musalı kənd sakini 93 yaşlı Fərəməz Quliyev də var.
AZƏRTAC xəbər verir ki, Fərəməz dayı 1943-cü ildə cəbhəyə könüllü yollanıb. Göstərdiyi qəhrəmanlıqlara görə tez bir zamanda döyüş yoldaşlarının, eləcə də komandirinin rəğbətini qazanaraq, “İgidliyə görə” medalı ilə təltif olunub.
Dəhşətli müharibə səhnələri hələ də xəyalından silinməyib. “O dövrdə Vətən anlayışı milliyyətindən, dilindən, yaşadığı yerdən asılı olmayaraq hər bir insan üçün əziz və müqəddəs idi. 1943-cü ilin qış aylarında könüllü olaraq müharibəyə getdim. Çox çətin idi. Dəfələrlə düşməni ağır itkiyə məruz qoyduq. 1944-cü ildə isə qumbara qəlpəsindən yaralandım. Çox qan itirmişdim. Üç ay hospitalda yatandan sonra yenidən cəbhəyə qayıtdım”, - deyə müsahibimiz acı cəbhə xatirələrini bölüşür.
Fərəməz dayı qəhrəmanlıqla dolu döyüş yolunu cavanlara, xüsusən məktəblilərə böyük həvəslə danışır. O, dövlətin müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan da razılıqla söz açır, Prezident İlham Əliyevə minnətdarlığını bildirir.
Musalı kənd orta məktəbində Böyük Vətən müharibəsində həlak olan igid cəlilabadlıların xatirəsinə abidə ucaldılıb.