REGİONLAR
Döyüş şöhrəti muzeyi ziyarətçilərin böyük marağına səbəb olur
Ağdam, 2 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyi Ağdam rayonunun cəbhə xəttində yerləşən Mahrızlı kəndində fəaliyyət göstərir. Əsasən Qarabağ döyüşlərində şəhid olmuş Vətən övladlarına aid eksponatların saxlandığı muzey ziyarətçilərin böyük marağına səbəb olur.
Muzeyin baş fond mühafizəçisi Billurə İbrahimova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, muzey 1990-cı ildə Ağdam rayon Mahrızlı kənd sakini Rahib Məmmədovun şərəfinə yaradılıb.
R. Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeni ilə təltif olunub.
Əvvəllər yalnız R.Məmmədovun şəxsi əşyalarının nümayiş olunduğu muzeyin hazırda 1837 eksponatı var. Onların əksəriyyəti 1992-1994-cü illərdə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarına məxsus geyim, foto və digər əşyalardır. Muzeydə yaradılmış “Vətən fədailəri”, “Rahib Məmmədov”, “20 Yanvar” guşələri, Azərbaycanın Milli Qəhrəmanlarının şəkilləri, kitab, qəzet və jurnallar, şəhidlərə məxsus müxtəlif əşyalar, geyimlər, bədənlərindən çıxarılmış güllə və mərmi qəlpələri, 1992-ci ildə yaralı əsgərlərimizin daşındığı xərək, düşmən tərəfindən atılmış top mərmisi və digər eksponatlar muzeyin qonaqlarında böyük təəssürat yaradır.
Buranı digər muzeylərdən fərqləndirən amil eksponatların əksəriyyətinin özünəməxsus tarixçəsinin olmasıdır. Məsələn, burada nümayiş olunan əsgər çəkməsi Qarabağ döyüşlərində şəhid olan Samir Abdinova məxsusdur. O, Xocalı faciəsi zamanı mühasirədə olan sakinləri xilas edərkən, öz çəkməsini Elyana Hümbətovanın soyuqdan donan ayaqlarına geyindirib. Sonra həmin çəkmələr E. Hümbətova tərəfindən muzeyə verilib.
Muzey rayon sakinlərinin, xüsusən də məktəblilərin, ərazidə xidmət edən əsgər və zabitlərin ən çox ziyarət etdikləri məkanlardandır.