İDMAN
Draytulinq üzrə ikinci açıq respublika çempionatının təsnifat mərhələsi uğurla başa çatıb
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) “ClimBaku” İdman Dırmanma Mərkəzində keçirdiyi draytulinq üzrə ikinci açıq respublika çempionatının təsnifat mərhələsi uğurla başa çatıb.
FAİREX-dən AZƏRTAC-a bildiriblər ki, çempionata Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 30 klubdan 100-ə yaxın idmançı qatılıb. Təsnifat mərhələsində idmançılar gərgin mübarizə aparıblar.
Final mərhələsi dekabrın 28-də keçiriləcək çempionata İran, Türkiyə, Dağıstan və Gürcüstan idmançılarının da qatılacağı gözlənilir.
İdmanın inkişaf edən yeni növlərindən biri olan draytulinq buzadırmanma alətləri ilə süni divara dırmanma yarışıdır.
Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) dəstəyi ilə yığma komandamızın dekabrın 11-14-də ABŞ-ın Montana ştatında keçirilmiş draytulinq yarışmasında müvəffəqiyyətlə çıxış etməsi ölkəmizdə idmanın bu növünə artan marağın nəticəsidir.