MƏDƏNİYYƏT


“Dua-Ave Maria” mahnısına klip çəkilib

A+ A

Bakı, 11 iyul, AZƏRTAC 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) məzunu, vokalçı Nigar Nazim “Dua-Ave Maria” mahnısına klip çəkdirib. Mahnının müəllifi Xalq Artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir.

AZƏRTAC xəbər verir ki, çəkiliş qrupuna rejissor Elvin Mirzəyev, operator və prodüser Həmid Mehrəfruz (İran), aranjemançı Etibar Əsədli, icraçı prodüser və fotoqraf Nərminə Həsənova daxildir.

Qeyd edək ki, bu, azərbaycanlı gənc müğənninin (soprano) ilk ciddi işidir. Fərhad Bədəlbəylinin əsərini ilk dəfə Xalq artistləri Fidan və Xuraman Qasımovalar ifa ediblər. Klip bu gün dünyanı bürümüş müharibə, terrorizm və iztirablara qarşı kəskin etiraza çevrilib və yeni nəslə həyat bəxş edən qadının duası ağrı, ümid və sevgi hissi ilə yenidən ifa edilib. Klipdə uzaqdan, asimandan eşidilən azan və muğamın ilahi melodiyaları musiqinin təsirini daha da gücləndirilir. Aranjemançının əsas uğuru da bundadır. Çəkilişlər Abşeron və Buzovnada aparılıb.

Nigar Nazim bu əsəri birinci dəfə 2008-ci ildə Strasburqda fransız kilsə məbədində Azərbaycan Gününə həsr edilmiş konsertdə oxuyub. O, həmin vaxt Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alır və xorda oxuyurdu. Sonra “Ana dilimizi sevək, sevdirək” respublika müsabiqəsində gümüş medala layiq görülüb, çoxsaylı konsert və tədbirlərdə çıxış edib. Nigar Nazim etiraf edir ki, rejissorun bu əsərdə müharibəyə qarşı bu qədər güclü əhvali-ruhiyyə aşılamasından məmnundur. O deyib: “İnsan həyatında hər hansı çətinlik və bədbəxtlik baş verəndə Allaha üz tutur və ömrümüz boyu öz ağrımızla Ona doğru gedir, yalnız Ondan diləyir və təsəllini Onda tapırıq. Ailələri parçalayan, uşaqları yetim qoyan müharibə, terror və günahsız insanların həlak olması problemi bu gün çox aktualdır. Sülh elə kövrək və davamsızdır ki, biz hamımız sülhün və əmin-amanlığın qorunması naminə səsimizi ucaltmalıyıq. Azərbaycan xalqı bu ağrını yaşayıb. Mən gələcəkdə daha böyük və ciddi layihələri həyata keçirmək istərdim. Kamera musiqisini çox sevirəm. Fikrimcə, bu musiqidə böyük, geniş dinləyici üçün həyata keçirilməmiş ruhi-mənəvi potensial var. Azərbaycanı başqa ölkələrdə təmsil etmək, əcnəbi dinləyiciləri zəngin milli musiqimizlə tanış etmək istərdim. Vətənim üçün layiqli və lazımlı vətəndaş olmağı və ona ən yüksək səviyyədə şöhrət gətirməyi arzu edirəm. Bütün çəkiliş qrupuna dərin təşəkkürümü bildirirəm. Onlar yüksək səviyyəli peşəkarlardır. Üç çəkiliş günündə biz bir ailə kimi işlədik. Klipi və ifamı professor Fərhad Bədəlbəylinin necə qəbul edəcəyi məni çox narahat edirdi. Allaha şükür ki, o, bizim işimizdən razı qaldı. Klipin bütün maliyyə xərclərini ailəm çəkib”.

İyulun 14-də “Crescent-Beach” otelində klipin təqdimatı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.