DÜNYA
Dubay polisi “Polisin dostları” adlı onlayn oyunu istifadəyə verir
Abu-Dabi, 21 avqust, AZƏRTAC
Dubay polisi indiyə qədər analoqu olmayan “Polisin dostları” adlı onlayn oyunu istifadəyə verir. Əmirliklərin “Khaleej Times” nəşri Dubay polisi rəhbərinin müavini İbrahim Al Mansurinin bəyanatına istinadla bildirir ki, bu oyunu xüsusi intellektual əlavədən istifadə etməklə oynamaq mümkündür. Həmin əlavə cəmiyyət üzvlərini potensial risklərdən qorunma yolları barədə məlumatlandırmaq, vətəndaş məsuliyyətini artırmaq, onları polisin fəaliyyəti ilə daha yaxından tanış etmək məqsədi ilə işlənib hazırlanıb.
AZƏRTAC xəbər verir ki, oyunçular Dubayda virtual bahalı avtomobillər və motosikletlər “sürə-sürə” özləri virtual təhqiqat apara biləcəklər. Əlavənin əsas xüsusiyyətlərindən biri oyunun şəbəkədə dostlarla bərabər aparılmasıdır. Burada iştirakçılar cinayətkarı tutmaq və qələbə əldə etmək üçün müxtəlif suallara cavab verməli olacaqlar. Suallar təhsil istiqamətindədir və yalnız bu suallara düzgün cavab verən və qaydalara riayət edən oyunçu nailiyyət qazanır.
Qeyd olunur ki, onlayn oyunda rezidentlər üçün xoşagələn üstünlüklər də var. Bura real prizlər, sertifikatlar qazanmaq və hətta peşəkarların işi ilə tanış olmaq üçün polis məntəqəsini gəzməyə şəraitin yaradılması da daxildir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi