DÜNYA


Dubayda fotoşəkillərdən ibarət dünyada ən uzun kollaj yaradılıb

Abu-Dabi, 10 avqust, AZƏRTAC

Dubayda növbəti dünya rekordu müəyyən edilib. Əmirliklərin kütləvi informasiya vasitələrində verilən məlumata görə, burada dünyada ən uzun fotokollaj yaradılıb. Əmirliklərin sakinləri tərəfindən təqdim edilmiş 11 minə yaxın fotoşəkilin daxil olduğu və rekord uzunluqlu (1.655.192 metr) kollaj “Dubai Festival City” mərkəzində sərgilənir.

AZƏRTAC xəbər verir ki, bu milli fotoalbom “Procter & Gamble (P & G)” şirkəti tərəfindən “Carrefour” hipermarketlər şəbəkəsi ilə birgə təşkil edilmiş “Mühüm anlar” kampaniyası çərçivəsində tərtib olunub. İyulun 30-dan avqustun 9-dək arzu edən hər kəs “Carrefour”, “Mall of the Emirates” və “Festival City” məkanlarındakı foto köşklərində sevdiyi insanla birlikdə şəkil çəkdirə bilərdi. Bu aksiyanın ideyası BƏƏ sakinlərinə xoşbəxt anların və onları qoruyub saxlamağın vacibliyini xatırlatmaq idi.

Bu təşəbbüsün təşkilatçılarından biri olan “Procter & Gamble” şirkətinin regiondakı nümayəndəsi Xalid Adavi bildirib ki, həmin prosesdə iştirak edənlərin hər biri buranı təbəssümlə tərk edib və kiçik minnətdarlıq əlaməti olan bu hərəkət ölkədə minlərlə müştəri tərəfindən təkrarlanıb. X.Adavinin fikrincə, bu aksiya BƏƏ üçün Ginnesin daha bir dünya rekorduna yol açıb.

Ekspozisiya avqustun 16-dək “Dubai Festival City” mərkəzində nümayiş etdiriləcək.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.