DÜNYA
Dubayda ilk Robokop “polis əməkdaşı” kimi fəaliyyətə başlayıb
Əbu-Dabi, 22 may, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) KİV-lərinin yaydığı xəbərə görə, Dubay polisinin heyətində ilk robot-polis “çalışmağa başlayıb”.
Boyu 170 santimetr, çəkisi 100 kiloqram olan robot-polis jest və siqnalları 1,5 metr məsafədən tanıyan emosiya detektoru ilə təchiz edilib. O, insanın kədərli və ya xoşbəxt olduğunu ayırd edir, öz emosiyalarını dəyişə bilir, insanları salamlayır.
Robokop küçələrdə patrul xidməti çəkən zaman qanun pozucularını aşkarlamaqda və yaxalamaqda polis əməkdaşlarına kömək etmək, habelə birbaşa videoyayım aparmaq üçün sifətləri tanıyan proqram təminatından istifadə edəcək. O, binaların içərisinin xəritəsini tərtib etməyi, özünüidarəetmə funksiyalarının köməyi ilə yerini avtomatik dəyişməyi bacarır.
Süni intellektlə təchiz edilmiş Robokop altı dildə standart ifadələrlə danışır, qanun pozucularına qarşı səmərəli mübarizə aparmaq üçün insanların jest və mimikalarını tanımağı bacarır. Robota quraşdırılan ödəmə avtomatı cərimələri yerindəcə ödəməyə imkan verir.
Dubay polisi əmindir ki, Robokop həm tərəf-müqabil, həm də müstəqil əməkdaş kimi çalışa bilər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi