İQTİSADİYYAT
Dubayda keçirilən “Gulfood 2017” sərgisində Azərbaycan stendi böyük maraqla qarşılanıb
Dubay, 27 fevral, AZƏRTAC
Dubayda keçirilən “Gulfood 2017” sərgisində Azərbaycan məhsullarının təqdim edildiyi “Made in Azerbaijan” yeganə stendi iştirakçılarda və sərgiyə gələnlərdə böyük maraq doğurub. Sərgiyə gələn adamların çoxu Azərbaycan stendinə yaxınlaşır, ölkəmizin məhsulları ilə maraqlanırlar və onlara geniş məlumat verilir.
Dünyanın ən böyük ərzaq sərgilərindən olan “Gulfood 2017” Azərbaycanda istehsal olunan meyvə şirələrini, mineral suları, meyvə-tərəvəz və süd məhsullarını, çayı, fındığı, konservləşdirilmiş məhsulları və s. nümayiş etdirir. Azərbaycanın İqtisadiyyat Nazirliyi tərəfindən keçirilmiş seçim müsabiqəsi əsasında 24 yerli şirkət bu sərgidə iştirak edir. Şirkətlərin sərgidə iştirakı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunub.
Sərginin açılışında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov iştirak edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay