SİYASƏT
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ABŞ-ın Arlinqton şəhərində qeyd edilib VİDEO
Arlinqton, 29 dekabr, AZƏRTAC
ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr edilmiş bayram tədbiri keçirilib. ABŞ Azərbaycanlıları Şəbəkəsi, Amerika-Azərbaycan Ticarət Palatası və ölkəmizin Birləşmiş Ştatlardakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə amerikalı qonaqlar, Vaşinqtonda və ətraf rayonlardakı Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi Yusif Babanlı tədbirdə çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixindən söhbət açıb. O qeyd edib ki, suveren Azərbaycan ölkə daxilində və xaricdə, eləcə də müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan icmaları üçün müstəqillik, tərəqqi və inkişaf rəmzidir. Y.Babanlı icma üzvlərinin bu müstəqilliyi qoruyub saxlamaq üçün Azərbaycanın mənafeyi və milli maraqlarının müdafiəsində səylərini əsirgəməməsinin vacibliyini vurğulayıb.
Sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov icma üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, başa çatmaqda olan ilin yekunlarından danışıb. O, Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində Azərbaycanın regionda ən sabit və müstəqil dövlət olduğunu qeyd edib, beynəlxalq səviyyədə qazandığı uğurları diqqətə çatdırıb. Azərbaycan ərazisinin 20 faizinin hələ də işğal altında olduğunu qeyd edən E.Süleymanov ölkəmizin ərazi bütövlüyünün bərpasında icma üzvlərini səylərini əsirgəməməyə çağırıb. Səfir Həmrəylik Gününün əhəmiyyətini vurğulayaraq, icma üzvlərini daha sıx birləşməyə və Azərbaycanı Birləşmiş Ştatlarda təmsil edərkən daha yüksək fəallıq göstərməyə səsləyib.
Bayram tədbiri rəngarəng konsert proqramı ilə davam edib.