SİYASƏT
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Batumidə qeyd edilib
Batumi, 25 dekabr, AZƏRTAC
Gürcüstanın Batumi şəhərində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib.
Bununla əlaqədar keçirilən tədbirdə Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən danışıb. O, bu bayramın əsasının 1991-ci il dekabrın 16-da o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib.
H.Nəcəfov hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatların Ümummilli Liderin uzaqgörən siyasətinin məntiqi davamı olduğunu bildirib. O, Prezident İlham Əliyevin praqmatik daxili və xarici siyasəti nəticəsində Azərbaycanın müxtəlif sahələrdə böyük uğurlar qazandığını diqqətə çatdırıb.
Baş konsul soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiya olunmasının, bu dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatlarında fəal rol oynamasının təqdirəlayiq hal olduğunu söyləyib. H.Nəcəfov bunun ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, Azərbaycan reallıqlarının dünyaya çatdırılmasına, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğ edilməsinə əlverişli şərait yaratdığını bildirib.
Acarıstan Muxtar Respublikası hökumətinin sədri Arçil Xabadze azərbaycanlılarla bir yerdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd etməkdən məmnunluğunu bildirib. O deyib ki, 1989-cu ilin 31 dekabr tarixini böyük qəhrəmanlıq günü hesab etmək olar. Çünki həmin gün Azərbaycan xalqının əsrlər boyu ayrı düşdüyü soydaşlarına qovuşmaq üçün SSRİ-İran sərhədindəki tikanlı məftilləri dağıdıb Araz çayını keçdiyi gündür. O zamanlar bu cür hərəkətlər böyük cəsarət və ümumi amala bağlılıq tələb edirdi.
Gürcülərin Azərbaycan xalqına xüsusi münasibəti olduğunu vurğulayan hökumətin sədri qeyd edib ki, Acarıstanın, o cümlədən Batuminin tarixinə nəzər yetirilsə, xalqlarımızın ta qədimdən qardaşlıq əlaqələrinin, şəhərlərimiz və regionlarımız arasında çoxəsrlik dostluq tarixinin olduğu aşkara çıxar.
Acarıstan Muxtar Respublikası Alı Sovetinin sədri Avtandil Beridze əlamətdar gün münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb. O, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Acarıstan MR arasındakı əlaqələrdən danışıb. Hər iki muxtariyyat arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini söyləyən Ali Sovetin sədri yüksək səviyyəli qarşılıqlı səfərlərin və sıx təmasların buna əlverişli zəmin yaratdığını bildirib.
Tədbirdə Acarıstanın azərbaycanlı icmasının fəal üzvlərinə, eləcə də ölkəmizə qarşı dost mövqeyi ilə fərqlənən yerli ziyalılara baş konsul H.Nəcəfov tərəfindən fəxri diplomlar təqdim edilib.
Ziyafətlə yekunlaşan mərasim “TV 25” və “Ajara TV” telekanallarında nümayiş olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi