MƏDƏNİYYƏT
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Finlandiyada konsert proqramı ilə qeyd olunub
Bakı, 19 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Finlandiyada konsert proqramı ilə qeyd olunub.
Diasporla İş üzrə Dövlət komitəsindən AZƏRTAC-a bildirilib ki, bayram tədbirində Finlandiya Azərbaycan Assosiasiyasının, Azərbaycan Qadınlar Cəmiyyətinin və digər diaspor təşkilatlarının təmsilçiləri, həmçinin Finlandiyada yaşayan müxtəlif xalqların nümayəndələri iştirak ediblər.
AzərTürk gənclər təşkilatının Helsinkidə təşkil etdiyi tədbirdə qurumun rəhbəri Ülviyyə Cabbarova Həmrəylik Gününün tarixi barədə qonaqlara məlumat verib. Bildirib ki, 31 dekabr azərbaycanlılar üçün önəmli tarixdir. Bu bayram dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onların arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. O, Həmrəylik Gününün Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrildiyini vurğulayıb.
Daha sonra AzərTürk təşkilatının nəzdində fəaliyyət göstərən uşaq xorunun çıxışı olub. Qonaqlar balaca musiqiçilərin ifa etdikləri Azərbaycan mahnılarını böyük maraqla qarşılayıblar.
Qeyd edək ki, Ü.Cabbarova təşkilatın nəzdində yaratdığı məktəbdə həftə sonları azərbaycanlı, türk və fin uşaqlarına Azərbaycan musiqisi və mədəniyyətini tədris edir. Azərbaycan mədəniyyətini, musiqisini Finlandiyada təbliğ edən təşkilat bu ölkənin Espoo şəhərində fəaliyyət göstərir.