MƏDƏNİYYƏT
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bişkekdə “Azərbaycan günü” keçirəcək
Bişkek, 17 dekabr, AZƏRTAC
Dekabrın 23-24-də Azərbaycanın Qırğızıstandakı səfirliyi Qırğız-Türk “Manas” Universiteti ilə birgə bu təhsil ocağında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü (DAHG) münasibətilə “Azərbaycan günü” keçirəcək.
“Azərbaycan günü” çərçivəsində dekabrın 23-də universitetin kinoteatrında “Babək”, “Nəsimi”, “Arşın mal alan”, “O olmasın bu olsun” filmləri nümayiş etdiriləcək.
Dekabrın 24-də həmrəylik günü münasibətilə keçiriləcək mərasimdə Qırğızıstan Prezidenti Aparatının, hökumətin təmsilçiləri, deputatlar, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, universitetin professor-müəllim heyəti, Azərbaycan diasporunun üzvləri iştirak edəcəklər.
Tədbirdə həmrəylik günü ilə bağlı sənədli film nümayiş etdiriləcək, Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı haqqında məlumat veriləcək.
Mərasim çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitab sərgisi keçiriləcək, geniş konsert proqramı olacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek