SİYASƏT


Dünya Azərbaycanlılarının Qurultayında qarşıya qoyulan məqsəd və vəzifələr Helsinkidə müzakirə olunub

A+ A

Helsinki, 12 iyul, AZƏRTAC

Helsinkidə Azərbaycan diasporunun Dünya Azərbaycanlılarının IV Qurultayının nəticələrinə həsr olunan iclası keçirilib. Bu barədə AZƏRTAC-a müsahibəsində Finlandiyadakı Azərbaycan diasporunun rəhbəri, “Dostluq” Azəri-Finn cəmiyyətinin sədri Təranə Nəzərova məlumat verib.

Tədbirdə “Dostluq” cəmiyyətinin rəhbəri qurultayın işi, qarşıya qoyulan məqsədlər haqqında məruzə ilə çıxış edib. T.Nərərova vurğulayıb ki, qurultayda Azərbaycan Prezidenti İlham Əliyev tarixi nitqlə çıxış edib. Bu nitqdə dövlət başçısı Azərbaycan diasporunun mühüm prioritetlərini müəyyən edib, bütün dünyada Azərbaycan həqiqətlərinin təbliğinə, diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə dair zəruri tapşırıqlar verib. Natiq Azərbaycan Prezidentinin dünya azərbaycanlılarının öz tarixi vətənləri ilə heç vaxt əlaqəni kəsməmək haqqında çağırışını diaspor üzvlərinin diqqətinə çatdırıb.

T.Nəzərova deyib: “Biz milli-mədəni maraqlarımızın həyata keçirilməsi üçün var gücümüzlə işləməliyik. Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq üçün hər fürsətdən istifadə etməliyik. Öz tərəfimizdən Finlandiya-Azərbaycan münasibətlərinin gələcək inkişafını təmin etməli, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə yardımçı olmalıyıq”.

İclasda Finlandiyadakı Azərbaycan diasporunun üzvləri II Dünya müharibəsi zamanı erməni SS legionuna rəhbərlik etmiş hərbi cinayətkar Njdeyə İrəvanda abidə ucaldılmasını kəskin qınayıb. Finlandiya parlamentinə göndərilən etiraz məktubunda Azərbaycan diasporu Ermənistanda faşizmin bərpasını sübut edən bu abidənin sökülməsinə çağırış edib.

Tədbirin sonunda Təranə Nəzərova Azərbaycan Prezidenti İlham Əliyevə “Tərəqqi” medalı ilə təltif olumnması ilə bağlı minnətdarlığını bildirib. O vurğulayıb ki, dünya azərbaycanlılarının konsolidasiyası diasporu gücləndirəcək, cəmiyyətdə onlara hörməti artıracaq. T.Nəzərova deyib: “Hamımız vətənpərvərik, doğma torpağımıza bağlıyıq. İstəyirik ki, Azərbaycanın dövlət daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.