SİYASƏT
Dünya Bankı yalnız Ermənistan hüdudlarında yolların bərpasını maliyyələşdirir
Bakı, 31 may, AZƏRTAC
AZƏRTAC Dünya Bankının (DB) rəsmi saytına istinadla xəbər verir ki, DB Azərbaycanın işğal olunmuş ərazilərində yolların tikintisi üçün Ermənistana tranş ayrılması haqqında Azərbaycan KİV-lərində yayılan məlumatlarla bağlı bəyanat verib.
Bəyanatda deyilir: “Dünya Bankının yol şəbəkəsinin yaxşılaşdırılmasına dair “Lifeline” (LRNIP) layihəsi yalnız Ermənistan hüdudlarında yolların bərpasını maliyyələşdirir. LRNIP 2009-cu ildən fəaliyyətə başlayıb və Ermənistanın kənd yerlərində yaşayan insanların bazarlara və sosial xidmətlərə çıxışının yaxşılaşdırılması məqsədi ilə 350 kilometr uzunluğunda yolun bərpasına istiqamətlənib. Layihənin ümumi məbləği 101,6 milyon ABŞ dollarıdır. Dünya Bankı tərəfindən 2015-ci ilin iyulunda ayrılmış son tranş 40 milyon ABŞ dolları təşkil edib”.