İQTİSADİYYAT
Dünya Bankından ayrılması nəzərdə tutulan vəsaitdən ilk tranş “Cənub Qaz Dəhlizi” layihəsinə yönəldilib
Bakı, 24 fevral, AZƏRTAC
Bakıda keçirilmiş “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü toplantısından dərhal sonra Dünya Bankından ayrılması nəzərdə tutulan vəsaitdən ilk tranş artıq “Cənub Qaz Dəhlizi” layihəsinə yönəldilib.
“Cənub Qaz Dəhlizi” QSC-dən AZƏRTAC-a bildirilib ki, Dünya Bankının Direktorlar Şurasının 2016-cı il 20 dekabr tarixli qərarına əsasən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) tərəfindən kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 400 milyon ABŞ dolları məbləğində ayırdığı kredit xətti üzrə 108,4 milyon ABŞ dolları məbləğində ilk maliyyə tranşı fevralın 24-də məhz BYİB tərəfindən ayrılıb. Layihələrin icrası üçün kreditin verilməsi üzrə BYİB tərəfindən qəbul edilmiş qərar, habelə onun layihələr üzrə apardığı təhlil tədbirlərin nəticələri Dünya Bankı qrupuna daxil olan Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi (MIGA) tərəfindən borclanmaya onun Direktorlar Şurası tərəfindən müsbət qərarın verilməsi, o cümlədən Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən də borclanmaya razılığın verilməsi üçün əsas olub.
Bununla yanaşı, Asiya İnfrastruktur İnvestisiya Bankının Direktorlar Şurasının 2016-cı il 21 dekabr tarixli qərarına əsasən, kredit ayrılmasına dair imzalanmış müqaviləyə uyğun olaraq, TANAP layihəsinin tikintisi üçün Azərbaycan dövlətinin zəmanəti ilə “Cənub Qaz Dəhlizi” QSC-yə 30 il müddətinə 600 milyon ABŞ dolları məbləğində ayırdığı kredit xətti üzrə 162,6 milyon ABŞ dolları məbləğində maliyyə tranşının da cari ilin fevralın 27-nə icra edilməsi nəzərdə tutulur.