İQTİSADİYYAT
Dünya Bankının növbəti missiyasının nəticələri müzakirə edilib
Bakı, 24 fevral, AZƏRTAC
Dünya Bankının növbəti missiyasının nəticələri müzakirə olunub.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından (Palata) AZƏRTAC-a bildirilib ki, müzakirələr palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.
Görüş zamanı palatanın Dünya Bankı ilə əməkdaşlığının uğurla davam etdiyini vurğulayan R.Aslanlı bildirib ki, Dünya Bankının budəfəki missiyası çərçivəsində maliyyə bazarlarına nəzarət üzrə mövcud qanunvericiliyin beynəlxalq təcrübəyə əsasən təkmilləşdirilməsi istiqamətində məhsuldar müzakirələr aparılıb.
Görüşdə həmçinin bankların rezolyusiyası və likvidliyinin tətbiqi mexanizmlərinin və hüquqi çərçivəsinin genişləndirilməsi istiqamətdə Palatanın fəaliyyətinə dəstək imkanları müzakirə edilib.
Bundan əlavə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, maliyyə sektorunda istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması, eləcə də qeyri-işlək aktivlərin restrukturizasiyası və idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılmasına dəstək mexanizmlərinə dair geniş fikir mübadiləsi aparılıb.