İQTİSADİYYAT
Dünya Bankının tədbirində Azərbaycanda maliyyə hesabatlılığının və auditin inkişafı barədə məlumat verilib
Bakı, 3 may, AZƏRTAC
Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun başçılıq etdiyi nümayəndə heyəti Dünya Bankının Maliyyə Hesabatı İslahatlar Mərkəzinin (CFRR) təşkilatçılığı ilə Kiyevdə "Maliyyə hesabatlarının əhəmiyyətliliyinin təmin edilməsi: diqqət mərkəzində – mikro, kiçik və orta müəssisələrdir" mövzusunda keçirilən seminarda iştirak edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti seminar iştirakçılarına ölkəmizdə iqtisadi islahatların aparılması, maliyyə hesabatlılığının və auditin inkişafı, eləcə də mühasibat uçotu və audit sahələrində əldə edilən uğurlar və həyata keçiriləcək islahatlar barədə geniş məlumat verib.
Şərq Tərəfdaşlığı ölkələrində Audit və Hesabatlılığın gücləndirilməsi (STAREP) proqramı çərçivəsində 50-yə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə ictimai əhəmiyyətli qurumlardan (İƏQ) başqa digər subyektlərdə mühasibat uçotu standartlarının müəyyənləşdirilməsi və qəbul edilməsi, mikro, kiçik və orta müəssisələrin maliyyə hesabatlarına və məlumatların açıqlanmasına dair tələblər, İƏQ-dən başqa digər subyektlərin əsas vəsaitlərinin və maliyyə alətlərinin qiymətləndirilməsinin alternativ əsasları, digər subyektlərin konsolidə olunmuş maliyyə hesabatlarına dair tələblər və onların praktiki tətbiqi, korporativ maliyyə hesabatları ilə vergi hesabatlılığı arasında əlaqələrin təmin edilməsi, İƏQ-dən başqa digər mikro, kiçik və orta müəssisələrin maliyyə hesabatlarına Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Beynəlxalq Audit Standartlarının tətbiqi problemləri məsələləri müzakirə edilib.