İDMAN


Dünya İdman və Mədəniyyət Forumu təcrübə mübadiləsi və ikitərəfli müzakirələr üçün əlverişli şərait yaradıb VİDEO

A+ A

Tokio, 21 oktyabr, AZƏRTAC.

Tokioda keçirilən Dünya İdman və Mədəniyyət Forumu oktyabrın 21-də işini davam etdirib. Azərbaycan gənclər və idman naziri Azad Rəhimov həmin gün təşkil olunan idman nazirlərinin görüşündə iştirak edib. Foruma qatılan müxtəlif ölkələrin idman nazirlərinin görüşündə əsasən üç istiqamətdə - “İnkişaf və sülh üçün idman”, “İdman hamı üçün” və “İdmanda ləyaqət“ mövzularında məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin müvafiq beynəlxalq idman təşkilatlarının rəhbərləri və bir sıra ölkələrin idman nazirləri ilə ikitərəfli görüşləri keçirilib.

Tədbirin əhəmiyyəti barədə fikirlərini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən nazir Azad Rəhimov bildirib: “İlk dəfə keçirilən Dünya İdman və Mədəniyyət Forumu layihəsinin proqramı çox maraqlıdır. Belə ki, həmin proqram bizə Yaponiyanın həm idman, həm də mədəniyyət sahələri ilə yaxından tanış olmaq imkanı yaratdı. Bildiyiniz kimi, növbəti Yay Olimpiya Oyunları 2020-ci ildə Tokioda keçiriləcək. Forum zamanı həm idman, həm mədəniyyət obyektləri ilə tanışlıq, həm də ikitərəfli danışıqların aparılması üçün yeni imkan yarandı. Gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı da ikitərəfli görüşlər və maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan oldu. Bu imkandan istifadə edərək Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Dünya Anti-Dopinq Agentliyinin prezidenti Kreyq Riidi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şeyx Əl-Səud ilə görüşdük və müvafiq müzakirələr apardıq. Bu baxımdan həmin layihə, bizim nümayəndə heyətinin burada iştirakı, düşünürəm ki, Azərbaycan üçün həm təcrübə mübadiləsi, həm də ikitərəfli müzakirələr üçün çox maraqlı və əlverişli imkan yaratdı”.

Dörd gün davam edəcək forumda, həmçinin nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və digərləri iştirak ediblər.

Oktyabrın 22-də Forum bir sıra ölkələrin idman nazirlikləri arasında ikitərəfli əməkdaşlıq barədə memorandumların imzalanması ilə başa çatacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.