İQTİSADİYYAT
Dünya İntellektual Nəqliyyat Sistemi Konqresində 100-dən artıq ölkə əldə etdiyi yenilikləri təqdim edir
Bakı, 7 oktyabr, AZƏRTAC
Fransanın Bordo şəhərində Dünya İntellektual Nəqliyyat Sistemi Konqresi keçirilir.
Bu barədə AZƏRTAC-a Nəqliyyat Nazirliyi İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. Məlumata görə, ölkəmizi beynəlxalq tədbirdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Rüfət İmanov təmsil edir.
Konqres 30 nazirlik nümayəndələrinin iştirakı ilə təşkil olunmuş “dəyirmi masa” ilə başlayıb. Builki konqres “intellektual mobilliyə doğru - ətraf mühitdən daha səmərəli istifadə” mövzusuna həsr olunub.
NİİM nümayəndələri hər il bu tədbirdə iştirak etməklə konqres iştirakçıları ilə Azərbaycanda intellektual nəqliyyat sisteminin inkişafı, əldə edilən uğurlar və tətbiq edilən yeniliklər barədə məlumatlarla bölüşürlər.
İrimiqyaslı tədbir Avropa Komissarlığının, Amerika və Asiya Intellektual Nəqliyyat Sistemi Mərkəzləri, həmçinin, ERTICO - Avropa Intellektual Nəqliyyat Sistemi Mərkəzi tərəfindən təşkil edilib.
Konqresə 100-dən artıq ölkədən 3500 nümayəndə heyəti, 300 sərgi iştirakçısı qatılıb. Hazırda mötəbər tədbirdə Azərbaycan, Albaniya, Əlcəzair, Avstraliya, Avstriya, Polşa, Finlandiya, Hindistan, Konqo, Birləşmiş Ərəb Əmirliyi, Lüksemburq, Almaniya, Macarıstan, Malayziya, Sinqapur, İngiltərə, Niderland, Vyetnam, Rumıniya, Belçika və digər ölkələr iştirak edirlər.