İQTİSADİYYAT
Dünya İqtisadi Forumunun “Rəqabətlilik Hesabatı 2013-2014” nəşri beynəlxalq ictimaiyyətə təqdim edilmişdir
Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləmişdir VİDEO
Bakı, 4 sentyabr (AZƏRTAC). Sentyabrın 4-də Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə “Dünya Rəqabətlilik Hesabatı” rəsmi olaraq beynəlxalq ictimaiyyətə təqdim edilmişdir.
Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləmişdir.
AZƏRTAC xəbər verir ki, “Dünya Rəqabətlilik Hesabatı 2013—2014” nəşrinə əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışdır. 2012-2013 hesabatında isə ölkəmiz 144 ölkə arasında 46-cı, 2011-2012 hesabatında isə 142 ölkə arasında 55-ci yeri tutmuşdu.
Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir vaxtda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilə bilər.
Reytinq cədvəlində Qazaxıstan 50-ci, Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan 79-cu pillələrdə qərarlaşmışlar. “Dünya Rəqabətlilik Hesabatı 2013—2014” nəşrinə görə dünyanın ən rəqabətqabiliyyətli ölkəsi İsveçrədir. İlk beşliyə daxil olan digər ölkələr isə Sinqapur, Finlandiya, Almaniya və ABŞ-dır.
Bundan əlavə, Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 8-ci, əmək bazarının səmərəliliyi göstəricinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci, innovasiyalara görə isə 51-ci yerdə qərar tutmuşdur.